newsPhoto

Dövlət Miqrasiya Xidmətində 2015-ci ilin yekunlarına həsr olunmuş xidməti müşavirə keçirilib

Dövlət Miqrasiya Xidmətində 2015-ci ilin yekunlarına və bu il qarşıda duran vəzifələrin icrasına həsr olunmuş xidməti müşavirə keçirilib. 

Xidmətin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev hesabat məruzəsi ilə çıxış edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2015-ci ilin Azərbaycan dövlətinin və cəmiyyətinin qarşısında duran vəzifələrin həyata keçirilməsi, daxili və xarici siyasət məsələlərinin həlli baxımından mühüm il olduğuna diqqət çəkən F.Nəbiyev ölkə iqtisadiyyatının inkişaf dinamikasının, iqtisadi və sosial proqramların icrasının, nəhəng transmilli enerji və nəqliyyat layihələrinin müvəffəqiyyətlə reallaşdırılmasının,əhalinin sosial rifahının yüksəldilməsi üçün həyata keçirilən zəruri tədbirlərin, ölkəmizin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinin, milli təhlükəsizlik və sabitliyin təmin olunmasının miqrasiya proseslərinə təsirindən danışıb. Bildirib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən qanuni əsaslarla ölkəyə gələn və respublikada olmasını və yaşamasını leqallaşdıran əcnəbilərin, qanuni əsaslarla fəaliyət göstərən əməkçi miqrantların hüquqlarının yüksək səviyyədə qorunması, qanunsuz miqrasiya ilə bağlı lazımı tədbirlər müvəffəqiyyətlə icra olunmaqdadır. Çünki Prezident İlham Əliyevin bu Xidmət qarşısında qoyduğu vəzifələrdən biri də odur ki, “Biz miqrasiya siyasətimizi daha da gücləndirməliyik, çox ciddi sistem yaratmalıyıq. Hər bir gələn xarici vətəndaş qeydiyyatdan keçməlidir. Qanunsuz bir adam da burada işləməməlidir. Biz istənilən anda bilməliyik ki, hansı xarici vətəndaş hansı gündə haradadır və nə ilə, hansı işlə məşğuldur”.

Xidmət rəisi vurğulayıb ki, ötən il ölkə iqtisadiyyatına 11 milyard dollar xarici sərmayənin qoyulması onu göstərir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə olaraq qalır. Məlum olduğu kimi, Miqrasiya Məcəlləsinə əsasən dövlətimizin inkişaf sürəti nəzərə alınaraq ölkə iqtisadiyyatına azı 500 min manat investisiya qoyan əcnəbi şəxslərə üç ilədək müddətə müvəqqəti yaşamaq üçün icazə verilir. Əvvəlki qanunvericilik müvəqqəti yaşamaq üçün icazənin, o cümlədən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin müddətinin dörd dəfədən artıq uzadılamasına yol vermirdi, amma hazırkı qanunvericiliklə bu məhdudiyyət də aradan qaldırılıb.

Ötən il ölkədə 87 min yeni iş yeri yaradılıb, 2004-cü ildən bu günə kimi açılmış yeni iş yerlərinin sayı 1.4 milyonu keçib və onun da böyük əksəriyyəti daimi iş yerləridir. Xidmət rəisi deyib ki, daxili əmək bazarının qorunması kimi mühüm missiyanı yerinə yetirən Dövlət Miqrasiya Xidməti əcnəbi işçi qüvvəsindən istifadənin qanunamüvafiq olaraq tənzimlənməsi istiqamətində ardıcıl tədbirləri müvəffəqiyyətlə davam etdirir. Xidmət dövlət başçısının qarşıya qoyduğu məqsədə uyğun olaraq Azərbaycanın inkişafından ilk növbədə ölkə vətəndaşlarının bəhrələnməsinin təmin olunması üçün əcnəbilərin haqqı ödənilən əmək fəaliyyətinə yalnız müəyyən edilmiş kvota çərçivəsində cəlb edilməsinə dövlət nəzarətini uğurla həyata keçirir. Neft-qaz layihələrində əcnəbi işçi heyətin mərhələlərlə milli kadrlarla əvəzlənməsi məsələlərinə nəzarət gücləndirilir. Qanunsuz miqrasiyaya qarşı ciddi mübarizə aparılır. Ötən il əcnəbilər və vətəndaşlığı olmayan 26.567 şəxs tərəfindən inzibati qanunvericiliyin pozulması halı aşkar edilib və müvafiq tədbirlər görülüb.

Müşavirədə, Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyəti səviyyəsinə görə 140 ölkə arasında 40-cı yerdə qərarlaşaraq MDB məkanında 7 ildir lider mövqeyini qorumasının əhəmiyyətinə toxunulub. Bu gün Azərbaycanın bölgədə nəqliyyat dəhlizlərinin yaradılmasından, müasir nəqliyyat infrastrukturunun formalaşması işində fəal rol oynamasından, ölkəmizin “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin mərkəzinə çevirlməsindən, regionun siyasi, iqtisadi və humanitar mərkəzi kimi artıq uzun illərdir çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən və bu sahədə kifayət qədər böyük təcrübə qazanmasından danışılıb. Artıq mədəniyyətlərin, dinlərin, fərqli geosiyasi qütblərin əməkdaşlıq məkanı kimi qəbul olunan ölkəmizin I Avropa Oyunlarını uğurla keçirməklə dünya idman tarixində yeni bir səhifə açdığı, 2017-ci ildə Bakı İslam Həmrəylik Oyunlarını qəbul etməyə hazırlaşdığı qeyd edilib. Azərbaycanın “Böyük İyirmiliyin” Antalyada keçirilən sammitinə dəvət olunması respublikamızın regionda və beynəlxalq arenada oynadığı rola, dünyada sülh və təhlükəsizliyin möhkəmlənməsinə, mühüm iqtisadi məsələlərin həlli sahəsində gördüyü işlərə verilən layiqli qiymət kimi səciyyələndirilib. Ölkədə iqtisadi yüksəliş üzərində formalaşan proseslərin ətraflı təhlil olunduğu hesabat müşavirəsində F.Nəbiyev açıqlayıb ki, bu sadalanan inkişafın nəticəsidir ki, Azərbaycan miqrasiya baxımından artıq mənşə ölkədən taranzit və təyinat ölkəyə çevrilib. Ötən il ölkədə qalma müddətinə müvafiq olaraq respublikamıza girişi qeydə alınmış əcnəbilərdən 670.326 nəfəri olduğu yer üzrə qeydiyyata alınıb.

Xidmət rəisi qeyd edib ki, respublikamıza gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayındakı artımla yanaşı, Prezident İlham Əliyevin dəstəyi ilə Dövlət Miqrasiya Xidməti tərəfindən miqrantların ölkədə qanuni əsaslarla olmaq və yaşamaq hüquqlarını həyata keçirmələri üçün göstərilən xidmətlərin səviyyəsi də ildən-ilə artırılır. 11 elektron xidmətin, həmçinin,dövlət proqramlarında icrası Dövlət Miqrasiya Xidmətinə həvalə edilmiş tədbirlərin yerinə yetirilməsi ilə bağlı portalın istifadəyə verilməsi, deyilən fikrin əyani nümunəsidir. Təkcə, Xidmətin aparatında deyil, həm də regional miqrasiya idarələrində beynəlxalq standartalara cavab verən qəbul zalları ən müasir avadanlıqlarla təchiz edilib. Azərbaycan brendi olan ASAN xidmət mərkəzlərində də DMX tərəfindən bir neçə xidmət növü təqdim olunur. Hesabat dövründə Xidmətin Çağrı mərkəzinə 99.439 telefon zəngi daxil olub. Xidmətə müraciət edənlərin məmnunluğunun təmin edilməsi, məsuliyyətlilik, operativlik və şəffaflıq əsas meyardır.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcədə vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı ötən il ümumilikdə 105.550 şəxs tərəfindən müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

F.Nəbiyev bildirib ki, Xidmət ölkədə vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlandırma və maarifləndirmə işinin artırılması və bu şəxslərin hüquqi statusunun müəyyənləşdirilməsi zamanı yaranan problemlərin, o cümlədən onların hüquqlarının səmərəli müdafiəsi naminə kompleks tədbirlərin icrasına start verib. Xatırladaq ki, ötən il Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 267 şəxs vətəndaşlığa qəbul,  9 nəfər isə bərpa edilib.

Hesabat dövründə müraciətlər əsasında 53.200 şəxsə və onunla birlikdə immiqrasiya edən 18 yaşına çatmamış övladlarına Azərbaycan Respublikasında müvəqqəti və 2640 şəxsə daimi yaşama icazələri verilib, 885 şəxsin ölkə ərazisində müvəqqəti olma müddəti uzadılıb.

Xidmət rəisi “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş”in icrası, readmissiya edilmiş vətəndaşların cəmiyyətə səmərəli və dayanıqlı sosial-iqtisadi reintiqrasiyası ilə bağlı işlər barədəsöhbət açıb.

Əldə olunan uğurların əsasını xidmətdə kadr siyasəti təşkil edir, deyən II dərəcəli dövlət miqrasiya xidməti müşaviri F.Nəbiyev məlumat verib ki, hesabat dövründə xidməti fəaliyyətlərində müsbət xarakterizə olunan 28 əməkdaş yuxarı təsnifatlar üzrə vəzifələrə irəli çəkilib, yaxşı iş göstəricilərinə nail olan 248 əməkdaşın əməyi fərqləndirilib.

F.Nəbiyev dövlət başçısının Xidmətə göstərdiyi diqqət və qayğıının, əməkdaşların təltif edilməsi ilə bağlı imzaladığı sərəncamların, ötən ilin sentyabrında Beynəlxalq Miqrasiya Təşkilatı baş direktorunu qəbulu zamanı DMX barədə söylədiyi fikirlərin kollektivdə böyük ruh yüksəkliyi ilə qarşılandığını bildirib və miqrasiya orqanları əməkdaşlarının minnətdarlığını ifadə edib.

Xidmət rəisi ötən il “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq yaradılmış Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın fəaliyyətinə toxunub.

Hazırda istər sosial-iqtisadi, istərsə də hərbi sahədə Azərbaycanın potensial imkanlarının kifayət qədər böyük olduğuna diqqət çəkən F.Nəbiyev xüsusi vurğulayıb ki, Dövlət Miqrasiya Xidməti həm 2016-cı ildə, həm də sonrakı dövrdə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında Ulu öndər Heydər Əliyev ideyalarına sadiq olaraq Azərbaycanın milli inkişaf strategiyasının reallaşdırılmasına, əhalinin sosial rifahının yüksəldilməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artırılmasına, iqtisadi təhlükəsizliyin, milli maraqların və sabitliyin təmin olunması istiqamətində tədbirlərin ardıcıl şəkildə həyata keçirilməsinə öz töhfəsini vermək əzmindədir.

Müşavirənin sonunda Xidmətin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur