Dövlət Miqrasiya Xidməti Mingəçevir şəhərində səyyar xidmət təşkil edib
Dövlət Miqrasiya Xidməti Yevlax regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Mingəçevir şəhərində səyyar xidmət təşkil edib. Həmin gün həmçinin vətəndaşsızlığın aradan qaldırılması, əcnəbi işçi qüvvəsindən istifadə qaydaları, qanunsuz miqrasiyaya qarşı mübarizə ilə bağlı əcnəbi və vətəndaşlığı olmayan şəxslər, vətəndaşlar, aidiyyəti dövlət qurumları, ictimai təşkilatlar, işəgötürənlər, sahibkarların nümayəndələrinin iştirakı ilə maarifləndirmə tədbiri də keçirilib.
260 nəfərin qatıldığı tədbirdə ölkəmizdə miqrasiya proseslərinin tənzimlənməsi, idarə olunması sahəsində “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən Dövlət Miqrasiya Xidmətinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma, müvəqqəti və daimi yaşama, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması, vətəndaşlıq məsələləri, vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, qaçqın statusunun müəyyənləşdirilməsi və s. kimi məsələlərlə bağlı gördüyü işlər barədə geniş məlumat verilib. DMX tərəfindən 11 xidmət növü üzrə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətləri artıq həm də elektron qaydada qəbul edildiyi diqqətə çatdırılıb.
2015-ci ildə Dövlət Miqrasiya Xidməti tərəfindən ölkəmizdə qanunsuz yaşayan əcnəbilərin aşkarlanması, onların qanunvericiliyin tələblərinə uyğun olaraq respublika ərazisində olma və yaşamalarının leqallaşdırılması üçün ardıcıl tədbirlərin davam etdirildiyi və bu tədbirlərin səmərəli nəticələri konkret faktlarla diqqətə çatdırılıb. Xidmətin məsul əməkdaşları tərəfindən iştirakçıları maraqlandıran suallar cavblandırılıb.
Sonra səyyar xidmət həyata keçirilib. Səyyar xidmətin imkanlarından müraciət edən 150 şəxs istifadə edib. Onlardan 56 nəfərindən vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması, əcnəbi və ya vətəndaşlığı olmayan 25 nəfərdən müvəqqəti, 3 şəxsdən daimi yaşama icazələrinin verilməsi ilə bağlı sənədlər qəbul olunub. 17 şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqələri, 24 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış verilib. 7 nəfərdən ərizə alınmış, 18 şəxsə isə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması, müvəqqəti, həmçinin daimi yaşama, o cümlədən iş icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahısı təqdim olunub. Müraciət edənlər səyyar xidmətin təşkilinə görə minnətdarlıqlarını bildirblər.