20 Yanvar faciəsi qurbanlarının xatirəsi Dövlət Miqrasiya Xidmətində anılıb
Anım mərasimində əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini, baş miqrasiya xidməti müşaviri Vəli Nağıyevin 1990-cı ilin yanvarında dinc əhaliyə qarşı sovet imperiyası qoşun birləşmələrinin törətdiyi qanlı cinayətlərdən bəhs edən məruzəsi dinlənilib. Hadisə barədə tarixi faktlar diqqətə çatdırılıb. Bildirilib ki, sovet imperiyası 26 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeridib, əliyalın əhaliyə divan tutulub, 147 nəfər qətlə yetirilib, 700-dən artıq insan yaralanıb.
V.Nağıyev hadisənin ertəsi günü SSRİ-nin hələ hökm sürdüyü bir vaxtda ümummilli lider Heydər Əliyevin respublikamızın Moskvadakı daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransında özünəməxsus cəsarət və qətiyyətli çıxışının tarixi əhəmiyyətindən danışıb. Qeyd edib ki, xalqının ən çətin anında ona dayaq olan ulu öndərin məhz xalqın təkidli tələbi ilə ölkədə siyasi hakimiyyətə qayıdışından sonra Bakıda Vətən şəhidlərinə böyük ehtiramla xatirə kompleksi ucaldılıb, 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına “20 Yanvar şəhidi” fəxri adı verilib.
Tədbirdə Prezident İlham Əliyevin şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlardan, eləcə də şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan geniş bəhs olunub.
Anım mərasimində xüsusi vurğulanıb ki, qan yaddaşımıza əbədi həkk olunan 20 Yanvar faciəsi, həm də tariximizin qəhrəmanlıq səhifəsidir.
Sonda mərasim iştirakçıları 20 yanvar hadisəsindən bəhs edən sənədli filmə baxıblar.
Dövlət Miqrasiya Xidmətində hadisənin il dönümü ərəfəsində açılmış 20 Yanvar faciəsi barədə aydın və obyektiv təsəvvür yaratmağa xidmət edən foto və kitab sərgisi də ziyarətçilərin marağına səbəb olub.