Dövlət Miqrasiya Xidməti Şamaxıda “Açıq qapı günü”- vətəndaş forumu keçirib
Dövlət Miqrasiya Xidməti tərəfindən dekabrın 25-də Ağsu regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Şamaxıda “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, ictimaiyyət və mətbuat nümayəndələri üçün “Açıq qapı günü” - vətəndaş forumu, həmçinin, vətəndaşsızlığın aradan qaldırılması, əcnəbi işçi qüvvəsindən istifadə qaydaları, qanunsuz miqrasiyaya qarşı mübarizə ilə bağlı aidiyyəti dövlət qurumları, ictimai təşkilatlar, işəgötürənlər, sahibkarların nümayəndələrinin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib.
Forumda çıxış edən Dövlət Miqrasiya Xidmətinin məsul əməkdaşı bildirib ki, “Açıq qapı günü”nün məqsədi istər Azərbaycan vətəndaşlarının, istərsə də əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin rahatlıqlarını təmin etmək, suallarını birbaşa yerindəcə cavablandırmaq, müraciətlərinin həllini operativ təmin etmək, rəy və təkliflərini dinləməkdir. Çünki, miqrasiya prosesi qloballaşan dünyanın ayrılmaz hissəsidir. Ölkənin geostrateji mövqeyi, sosial-iqtisadi inkişafı, sabitlik Azərbaycanı əcnəbilər üçün cəlbedici edib. Son illər miqrasiya baxımından mənşə ölkəsindən tranzit və təyinat ölkəsinə çevrilən Azərbaycanda qalma müddətinə müvafiq olaraq 2015-ci ilin 11 ayı ərzində olduğu yer üzrə qeydiyyatla bağlı Dövlət Miqrasiya Xidmətinə 630.321 əcnəbi və vətəndaşlığı olmayan şəxs müraciət edib. Həmçinin, Xidmətə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 96.277 şəxs tərəfindən müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Bu il Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 267 şəxs vətəndaşlığa qəbul, 9 nəfər isə bərpa edilib.
“Açıq qapı günü”ndə xüsusi vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörənliyinin nəticəsində dünyada miqrasiya məsələləri bugünkü qədər aktual olmadığı bir vaxtda ölkəmizdə miqrasiya problemlərinin operativ və düşünülmüş şəkildə həlli üçün düzgün miqrasiya siyasəti strategiyası müəyyən olunub. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin respublikamıza qanuni əsaslarla rahat gəlmələrini, qalmalarını, yaşamalarını, işləmələrini, təhsil almalarını təmin edən mütərəqqi qanunvericilik bazası yardılıb və fəaliyyəti beynəlxalq standartlara uyğun normativ hüquqi aktlarla tənzimlənən, müasir xidmət imkanlarına, peşəkar kadr potensialına malik Dövlət Miqrasiya Xidməti formalaşdırılıb. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, həmçinin vətəndaşların qəbulu şöbələri müasir avadanlıq və zəruri vasitələrlə təchiz olunub.
Azərbaycanın miqrasiya qanunvericiliyinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər respublikamızda olarkən, qanunda və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər. Həmçinin, ölkəmizin vətəndaşları ilə bərabər bütün vəzifələri də yerinə yetirməli, onların hüquq və azadlıqlarının həyata keçirilməsi Azərbaycanın milli mənafeyinə zidd olmamalıdır.
Qeyd olunub ki, həyata keçirilmiş fəaliyyətin nəticəsidir ki, respublikamız bu gün dünyada aktual mövzuya çevirilmiş miqrasiya məsələsi ilə bağlı hər hansı ciddi bir problemlə qarşılaşmayıb. Doğrudur, bu ilin 11 ayı ərzində 24.734 əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən ölkə ərazisində olma, müvəqqəti və daimi yaşama qaydalarına əməl edilməməsi, habelə etibarsız sənədlərlə yaşama hallarına görə inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən olunub və qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Bir daha diqqətə çatdırılıb ki, ölkəyə gələn və respublikamızda olan hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxs mütləq qaydada Azərbaycan Respublikasının ərazisində olmasını və yaxud yaşamasını leqallaşdırmalıdır. Bunun üçün həmin şəxslərin istərDövlət Miqrasiya Xidmətində, istərsə də qurumun 8 regional miqrasiya idarəsində birbaşa qəbuluvə yaxud, elektron qaydada Xidmətə müraciət etmələri üçün bütün imkanlar yaradılıb.
Forumda Xidmətin təqdim etdiyi elektron xidmətlərdən istifadə ilə bağlı geniş təqdimat olub.
Görüşün sonunda verilən suallar cavablandırılıb və fikir mübadiləsi aparılıb.