Dövlət Miqrasiya Xidmətinin rəisi Cenevrədə BMT-nin yüksək səviyyəli görüşündə iştirak edir
Dekabrın 16-da İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Müdafiənin Vəzifələri üzrə Dialoqunun “Köçürülmənin kökündə olan səbəblərin anlaşılması və həlli” mövzusunda növbəti 8-ci yüksək səviyyəli görüşü işə başlayıb.
Tədbirdə Azərbaycanı Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti, o cümlədən Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev təmsil edir.
Xatırladaq ki, 2007-ci ildə təsis olunan Dialoqun məqsədi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, ölkələr və digər tərəfdaşların qlobal müdafiə məsələlərinə dair müzakirələrini təşkil etməkdir. Plenar sessiyalar, müzakirələr və digər formatlı tədbirlərin nəticələri Ali Komissarlıq tərəfindən ümumiləşdirilir və gələcək fəaliyyət üçün tövsiyələr şəklində təqdim olunur.
Yüksək səviyyəli görüş işini dekabrın 17-də yekunlaşdıracaq.