newsPhoto

Dövlət Miqrasiya Xidməti Hacıqabulda “Açıq qapı günü”- vətəndaş forumu keçirib

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Dövlət Miqrasiya Xidməti tərəfindən dekabrın 14-də Şirvan regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olanHacıqabulda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər,ictimaiyyət və mətbuat nümayəndələri üçün təşkil olunmuş “Açıq qapı günü” - vətəndaş forumunda miqrasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülmüş işlər barədə Xidmət əməkdaşının məruzəsi dinlənilib. Buna misal olaraq göstərilib ki, əvvəlki qanunvericilik əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkəmizdə müvəqqəti yaşamaq üçün icazənin, o cümlədən haqqı  ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilən iş icazəsinin müddətinin dörd dəfədən artıq uzadılamasına yol vermirdi, amma Miqrasiya Məcəlləsinin qəbulu ilə bu məhdudiyyət aradan qaldırılıb. Eyni zamanda, Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan, qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi sığınacaq verilmiş şəxslərə, eləcə də himayəsində 18 yaşına çatmamış və ya I qrup əlil Azərbaycan Respublikasının vətəndaşı olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə  iş icazəsi alınması tələb olunmur.

Bildirilib ki, Dövlət Miqrasiya Xidməti yaradıldığı vaxtdan miqrasiya proseslərinin vahid və çevik prosedurlar əsasında tənzimlənməsi, bu sahədə çətinliklərin tamamilə aradan qaldırılması, sənədləşmənin sadələşdirilməsi, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin rahatlığının təmin edilməsi, onların hüquqlarının müdafiəsi sahəsində səmərəliliyinin artırılması istiqamətində tədbirlər daha da genişləndirilib. Forumdamiqrasiya proseslərinin idarəolunmasında “bir pəncərə” prinsipinin tətbiqivə vahid dövlət orqanının səlahiyyətlərinin  DMX-nə həvalə edilməsinin əhəmiyyəti vurğulanıb.

Tədbirdə o da diqqətə çatdırılıb ki,ötən il  oktyabrın17-də Miqrasiya Məcəlləsinə edilmiş  dəyişikliklərə əsasən Azərbaycan Respublikasında 3 gündən deyil, 10 gündən artıq qalmaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər 10 gün ərzində olduğu yer üzrə qeydiyyata düşməlidirlər.

Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşsızlıq hallarının aradan qaldırılması, vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı görülmüş işlərə dair Xidmətin digər əməkdaşının çıxışında qeyd olunub ki, Azərbaycan Prezidentinin 6 mart 2008-ci il tarixli fərmanına müvafiq olaraq Dövlət Miqrasiya Xidmətinin  vətəndaşlıq məsələlərində iştirakı təmin edilib. Elə həmin dövrdən etibarən Xidmət Azərbaycan vətəndaşlığına qəbul, bərpa, xitam, habelə, ölkə vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı şəxslərdən və müxtəlif təşkilatlardan daxil olmuş sorğuların araşdırılmasına başlayıb.

Forumda DMX-də informasiya-kommunikasiya texnologiyaları strategiyasının icrası barədə təqdimat olub. Elektron xidmətdən istifadə qaydaları əyani şəkildə izah edilib, Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sisteminin imkanlarından bəhs olunub. Diqqətə çatdırılıb ki, bu sistemvasitəsilə hər bir əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət olunur.

Tədbirdə iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb, Xidmətin funksiyalarına aid olan məsələlərlə bağlı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətləri qəbul edilib.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur