newsPhoto

Ulu öndər Heydər Əliyevin xatirəsi Dövlət Miqrasiya Xidmətində anılıb  

Dövlət Miqrasiya Xidmətinin Heydər Əliyev Muzeyində ulu öndərin büstü önünə əklil qoyulub, xatirəsi ehtiramla yad olunub.

Anım mərasimi Xidmətin akt zalında davam etdirilib. Xidmətin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev “Heydər Əliyev müasir, müstəqil Azərbaycanın qurucusudur” mövzusunda məruzə edib. Bildirib ki, Azərbaycanın ötən əsrin 70-ci illərindən başlayaraq qazandığı bütün nailiyyətlər ulu öndər Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra respublikamızın üzləşdiyi böhran, dövlətimizin məhv olmaq təhlükəsi tarixi faktlarla xatırlanıb. 1993-cü ildə xalqın təkidli tələbi ilə görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra böyük çətinliklər hesabına Azərbaycan xalqının düşdüyü bəlalardan, rastlaşdığı problemlərdən qurtardığına, qanunsuz silahlı dəstələrin ləğv edildiyinə, vahid komandanlıq altında Silahlı Qüvvələrin formalaşdırıldığına diqqət çəkilib.  Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaradıldığı vurğulanıb.

Müasir Azərbaycanın inkişaf strategiyasının ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirildiyini qeyd edən Xidmət rəisibildirib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu siyasəti bu gün uğurla davam etdirməsi nəticəsində sabitlik və inkişaf baxımından nümunə olan ölkəmiz gündən-günə müasirləşir, modernləşir. Respublikamızın bu inkişafı təkcə ölkə daxilində yox, xaricdən də aydın görünür. Bu tərəqqinin nəticəsidir ki, Azərbaycan dünya iqtisadiyyatının 85 faizini, dünya ticarətinin 80 faizini əhatə edən “Böyük İyirmiliy”in sammitlərinə dəvət olunur. Azərbaycana təşrif buyuran əcnəbilərin sayı isə ildən-ilə artır.

F.Nəbiyev deyib ki, ulu öndərin hüquqi dövlət quruculuğu ideyasının təzahürü kimi Prezident İlham Əliyev tərəfindən yaradılmış Dövlət Miqrasiya Xidmətinin hər bir əməkdaşı dövlətə, dövlətçiliyə sadiqdir.

Sonda mərasim iştirakçıları filmə baxıblar.

Xatırladaq ki, DMX-nin bir qrup əməkdaşı Heydər Əliyev Mərkəzində olub. Mərkəzlə yaxından tanışlıq, ulu öndərin həyat və fəaliyyətinin əks olunduğu muzeyi ziyarət hər bir miqrasiya orqanı qulluqçusunda zəngin təəssürat yaradıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur