Dövlət Miqrasiya Xidməti Ağdaş rayonunda səyyar xidmət təşkil edib
Dövlət Miqrasiya Xidməti Yevlax regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Ağdaş rayonunda səyyar xidmət təşkil edib. Həmin gün həmçinin vətəndaşsızlığın aradan qaldırılması, əcnəbi işçi qüvvəsindən istifadə qaydaları, qanunsuz miqrasiyaya qarşı mübarizə ilə bağlı əcnəbi və vətəndaşlığı olmayan şəxslər, vətəndaşlar, aidiyyəti dövlət qurumları, ictimai təşkilatlar, işəgötürənlər, sahibkarların nümayəndələrinin iştirakı ilə maarifləndirmə tədbiri də keçirilib.
210 nəfərin qatıldığı tədbir “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, ictimaiyyət ilə sıx əlaqələrin qurulması və ictimai iştirakçılığın genişləndirilməsi ilə bağlı prinsiplərə uyğun həyata keçirilib. Tədbirdə ölkəmizdə miqrasiya proseslərinin tənzimlənməsi, idarə olunması sahəsində “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən Dövlət Miqrasiya Xidmətinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma, müvəqqəti və daimi yaşama, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması, vətəndaşlıq məsələləri,vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, qaçqın statusunun müəyyənləşdirilməsi və s. kimi məsələlərlə bağlı gördüyü işlər barədə geniş məlumat verilib. Bildirilib ki, informasiya-kommunikasiya texnologiyalarının yaratdığı imkanlar sayəsində DMX tərəfindən 11 xidmət növü üzrə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətləri artıq həm də elektron qaydada qəbul edilir.
Dövlət Miqrasiya Xidməti tərəfindən ölkəmizdə qanunsuz yaşayan əcnəbilərin aşkarlanması, onların qanunvericiliyin tələblərinə uyğun olaraq respublika ərazisində olma və yaşamalarının leqallaşdırılması üçün ardıcıl tədbirləri davam etdirdiyi və bu tədbirlərin səmərəli nəticələri konkret faktlarla diqqətə çatdırılıb. Xidmətin məsul əməkdaşları tərəfindən iştirakçıları maraqlandıran suallar cavblandırılıb.
Sonra səyyar xidmət həyata keçirilib. Səyyar xidmətin imkanlarından müraciət edən 82 şəxs istifadə edib. Onlardan 41 nəfərindən vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması, əcnəbi və ya vətəndaşlığı olmayan 7 nəfərdən müvəqqəti, 3 şəxsdəndaimi yaşama icazələrinin verilməsi ilə bağlı sənədlər qəbul olunub. 16 şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqələri, 2 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış verilib. 13 şəxsə isə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması, müvəqqəti, həmçinin daimi yaşama, o cümlədən iş icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahısı təqdim olunub. Müraciət edənlər səyyar xidmətin təşkilinə görə minnətdarlıqlarını bildirblər.