Dövlət Miqrasiya Xidməti Qazax rayonunda “Açıq qapı günü” - vətəndaş forumu keçirib
Dövlət Miqrasiya Xidməti tərəfindən “Açıq qapı günü” - vətəndaş forumu “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq həyata keçirilir.
Noyabrın 18-də Gəncə regional miqrasiya idarəsinin əhatə etdiyi Qazax rayonunda keçirilən “Açıq qapı” günündə məlumat verilib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən bu gün ölkənin bütün regionlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən xidmətlərin genişləndirilməsi və müraciət edənlərin məmnunluğunun təmin olunması üçün 8 regional miqrasiya idarəsinin fəaliyyəti tam təmin olunub.
Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunmuş DMX miqrasiya proseslərinin vahid və çevik prosedurlar əsasında tənzimlənməsi, sənədləşmənin sadələşdirilməsi, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin rahatlığının təmin edilməsi, onların hüquqlarının müdafiəsi sahəsində səmərəliliyin artırılması istiqamətində tədbirləri daha da genişləndirib.
2009-cu il iyulun 1-dən miqrasiya proseslərinin idarəolunmasında “bir pəncərə” prinsipinin tətbiq edildiyi gündən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələrini və etibarlı pasportlarını təqdim etməklə, heç bir viza almadan ölkə ərazisindən gedə və ölkəyə qayıda bilirlər.
Forumda diqqətə çatdırılıb ki, əvvəlki qanunvericilik müvəqqəti yaşamaq üçün icazənin, o cümlədən əcnəbilərin ölkəmizdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin müddətinin dörd dəfədən artıq uzadılmasına yol vermirdi, amma hazırkı qanunvericiliklə bu məhdudiyyət aradan qaldırılıb. Eyni zamanda, Azərbaycan Respublikasının vətəndaşı ilə nigahda olan, qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi sığınacaq verilmiş şəxslərə, eləcə də himayəsində 18 yaşına çatmamış və ya I qrup əlil Azərbaycan Respublikasının vətəndaşı olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin alınması tələb olunmur.
“Açıq qapı” günündə o da qeyd olunub ki, müstəsna hal kimi təhlükəli yoluxucu xəstəlik virus daşıyıcısı olan və Azərbaycan vətəndaşı ilə nigahda olan əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə respublika ərazisində müvəqqəti və ya daimi yaşama icazələrinin verilməsi də Miqrasiya Məcəlləsində öz əksini tapıb.
Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumunun məbləğinin yetkinlik yaşına çatmışlardan iki dəfə az müəyyənləşdirilməsi də yeniliklərdən biridir. Məsələn, 3 ayadək müvəqqəti yaşamaq üçün icazə almağa görə yetkinlik yaşına çatmış əcnəbi 30 manat ödədiyi halda yetkinlik yaşına çatmayan xarici vətəndaş və ya vəndaşlığı olmayan şəxs üçün cəmi 15 manat ödənilir.
“Açıq qapı” günü iştirakçılarının nəzərinə çatdırılıb ki, Dövlət Miqrasiya Xidməti tərəfindən ASAN xidmət mərkəzlərində bir neçə xidmət növü təqdim olunur. Belə ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin respublikamızda müvəqqəti və yaxud daimi yaşama, həmçinin onların ölkəmizdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələrinin verilməsi kimi müraciətlər qəbul edilir.
Bu gün Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə hər bir əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət olunduğu bildirilib.
Ölkədə qalma müddətinə müvafiq olaraq bu ilin 10 ayı ərzində 589.454 nəfərin olduğu yer üzrə qeydiyyata alındığı, 22.886 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən ölkə ərazisində olma, müvəqqəti və daimi yaşama qaydalarına əməl edilməməsi, habelə etibarsız sənədlərlə yaşama hallarına görə inzibati qanunvericiliyin tələblərinin pozulması hallarının müəyyən olunduğu açıqlanıb.
Vətəndaşsızlıq hallarının azaldılması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən görülən tədbirlərdən ətraflı söhbət açılıb. Qeyd olunub ki, vətəndaşsızlıq hallarının qısa bir zamanda aradan qaldırılması üçün Xidmət tərəfindən ölkənin bütün regionları üzrə müvafiq işlər görülməkdədir.
Forumda “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş”in icrası ilə bağlı görülmüş işlər haqqında məlumat verilib.
“Açıq qapı” günündə elektron xidmətlərdən istifadə qaydaları əyani şəkildə izah olunub. DMX-nin təqdim etdiyi 11 elektron xidmətdən 10-nun elektron hökumət portalına qoşulduğu vurğulanıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.