newsPhoto

  Dövlət Miqrasiya Xidmətində Gürcüstanın ölkəmizdəki səfiri ilə görüş olub  

 

Görüşdə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Azərbaycanla Gürcüstan arasında uzun əsrlər boyu mehriban qonşuluq və dostluq münasibətləri olmasını xatırladaraq, strateji tərəfdaş olan ölkələrimiz arasında  müxtəlif sahələrdə, o cümlədən miqrasiya sahəsində uğurlu əməkdaşlığın formalaşdığını diqqətə çatdırıb. Xidmət rəisi Gürcüstan Azərbaycandakı səfiri ilə əvvəlki görüşləri zamanı aparılmış səmərəli müzakirələrin uğurlu nəticələrinə toxunub.

F.Nəbiyev ölkəmizdə vətəndaşlıq məsələlərini tənzimləyən qanunvericilik aktlarına edilmiş son dəyişikliklər barədə danışıb. İkili vətəndaşlığın geniş xarakterli hüquqlar vəd etməsinə baxmayaraq, həm dövlətçilik, həm də şəxsi öhdəliklər nöqteyi-nəzərindən kifayət qədər məsuliyyət yaratdığını nəzərə alaraq qanunvericiliyə edilmiş  son dəyişikliklərin əhəmiyyətini vurğulayıb.

Səfir Teymuraz Şaraşenidze də iki ölkə arasında mövcud münasibətlərin  yüksələn xətlə inkişaf etdiyini və bunun bariz nümunəsi kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu günlərdə Gürcüstana rəsmi səfərinin ölkəsi üçün xüsusi əhəmiyyətini qeyd edib, bu səfərin dövlətlərimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Diplomat şəxsin Gürcüstan vətəndaşlığına bərpası və vətəndaşlıqdan çıxma prosedurundakı dəyişikliklər barədə məlumat verib.

Sonra hər iki dövlətin vətəndaşsızlıq hallarının azaldılması ilə bağlı qoşulduğu beynəlxalq sənədlərə - “Vətəndaşlığı olmayan şəxsin statusu”na dair 1954-cü il tarixli və “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il tarixli Konvensiyalara uyğun olaraq vətəndaşsızlıq hallarının azaldılması ilə bağlı  səylərin daha da gücləndirilməsinin, yarana biləcək problemlərin qarşısının alınması üçün qanunvericiliyə uyğun preventiv tədbirlərin görülməsinin vacibliyi qeyd olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur