newsPhoto

  Dövlət Bayrağı günü Dövlət Miqrasiya Xidmətində qeyd olunub

9 noyabr Dövlət Bayrağı günü münasibətilə Dövlət Miqrasiya Xidmətində keçirilən və Dövlət Himninin ifası ilə başalayan  tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə təsis edilmiş və xalqımızın böyük fərəh və qürur hissi ilə hər il qeyd etdiyi bu günün tarixindən və əhəmiyyətindən geniş söhbət açılıb.

Bildirilib ki, 1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı muxtar respublikanın dövlət bayrağı kimi qəbul olunub. Beləliklə, dövlət bayrağımız ulu öndərin təşəbbüsü ilə həyata yenidən vəsiqə qazanıb.

Dövlətin suverenlik, o cümlədən Vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzi, mənliyimiz, kimliyimiz, milli ləyaqət simvolumuz olan üçrəngli dövlət bayrağımızın daimi ucalarda dalğalanması, Konstitusiyamızın hüquqi və siyasi gücünün əbədiliyi naminə hər bir miqrasiya orqanı əməkdaşının üzərinə düşən məsuliyyəti dərindən dərk etməsinin vacibliyi vurğulanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə inşa olunmuş Dövlət Bayrağı Meydanı Kompleksində hər bir ziyarətçinin Azərbaycan tarixi və mədəniyyəti, eyni zamanda  ölkəmizin tarix boyu  əldə etdiyi nailiyyətlərə dərindən bələd olmalarının, həmçinin respublikamızın ərazisində müxtəlif dövrlərdə mövcud olmuş dövlətlərin saxlanılan bayraqları və digər dövlət rəmzləri ilə tanışlığının əhəmiyyəti vurğulanıb. 

Tədbir iştirakçıları Azərbaycan Bayrağına həsr olunmuş filmə baxıblar.

Daha sonra Xidmətin bir qrup əməkdaşının Dövlət Bayrağı Meydanı Kompleksini ziyarəti təşkil edilib.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur