Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilmiş şəxslərin Dövlət Miqrasiya Xidmətində təntənəli andiçmə mərasimi keçirilib
Dövlət Miqrasiya Xidmətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilmiş şəxslərin təntənəli şəraitdə Dövlət bayrağı önündə Konstitusiyaya əl basmaqla dövlət dilində Azərbaycan Respublikasına sadiq olacaqları barədə andiçmə mərasimi keçirilib.
Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə vətəndaşlığa qəbul və bərpa edilmiş şəxsləri təbrik edib. Bildirib ki, son illər Azərbaycan Respublikasında müşahidə olunan sürətli sosial-iqtisadi inkişaf, ölkəmizdəki siyasi sabitlik, mövcud təhlükəsizlik mühitinin yaradılması, miqrantların hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər, həmçinin ölkəmizin geosiyasi mövqeyi, tranzit imkanlarının genişliyi dünyanın müxtəlif yerlərindən Azərbaycana miqrasiya proseslərinin intensivləşməsini şərtləndirib. Bu da öz növbəsində ölkəmizə immiqrasiya edən əcnəbilərin sayının ildən ilə artmasına, həmçinin vaxtilə respublikanı tərk edib, digər dövlətlərə getmiş Azərbaycan vətəndaşlarının da geri qayıtması tendensiyasına müsbət təsir edib. Xidmət rəisi bildirib ki, ulu öndər Heydər Əliyevin söylədiyi kimi “Miqrasiya təbii prosesdir, onun qarşısını almaq olmaz, almaq lazım da deyil və ümumən pozitiv xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə xalqlara aiddir”.
F.Nəbiyev onu da əlavə edib ki, ali qanunumuzda da əksini tapdığı kimi vətəndaşlıq dedikdə şəxsin dövlətə mənsubiyyəti, şəxslə dövlət arasında onların qarşılıqlı hüquq və vəzifələrində ifadə olunan daimi siyasi, hüquqi əlaqə başa düşülür. Siyasi əlaqə, cəmiyyətin və dövlətin siyasi həyatında vətəndaşın iştirakı və onun siyasi hüquqlara malik olması ilə izah olunduğu halda, vətəndaşla dövlət arasındakı hüquqi əlaqə daimidir. Xidmət rəisi vətəndaşlığa qəbul və bərpa edilmiş şəxslərə müstəqil Azərbaycan dövlətilə siyasi və hüquqi əlaqələrinin möhkəm olmasını arzulayıb.
Görüşdə əsas insan hüquqlarından biri olan vətəndaşlıq hüququnun əhəmiyyəti nəzərə alınaraq, vətəndaşsızlıq hallarının aradan qaldırılması ilə bağlı ölkəmizin qoşulduğu beynəlxalq sənədlərdən irəli gələrək, milli qanunvericiliyin beynəlxalq sənədlərə uyğunlaşdırılması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən görülmüş tədbirlərdən, Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanundan irəli gələn vəzifələrdən söhbət açılıb. F.Nəbiyev xüsusi vurğulayıb ki, qanunvericiliyə əsasən Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə Xarici İşlər Nazirliyinə və ya Dövlət Miqrasiya Xidmətinə yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Cinayət Məcəlləsinin 318-2-ci maddəsilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Xidmət rəisi bildirib ki, ona görə də hər bir vətəndaş dövlətlə münasibətə məsuliyyətlə yanaşmalıdır.
Sonra vətəndaşlığa qəbul edilmiş 267 və bərpa edilmiş 9 şəxs təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı önündə Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla Azərbaycan Respublikasının dövlət dilində Azərbaycan Respublikasına sadiq olacaqları barədə and içiblər.
Qeyd edək ki, andiçmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanun”a 30 dekabr 2014-cü il tarixdə əlavə edilmiş yeni məzmunda 15-1-ci maddəyə əsasən ilk dəfə keçirilib. Xatırladaq ki, and içən Azərbaycan Respublikasının vətəndaşı andın mətnini imzalayır və bu sənəd Dövlət Miqrasiya Xidmətində saxlanılır.
Tədbir Dövlət Himninin ifası ilə yekunlaşıb.