newsPhoto

Cenevrədə “Miqrantlar və şəhərlər” mövzusunda beynəlxalq konfrans keçirilib  

İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Miqrasiya Təşkilatının miqrasiya üzrə beynəlxalq dialoq çərçivəsində “Miqrantlar və şəhərlər” mövzusunda 50 ölkənin iştirak etdiyi iki günlük beynəlxalq konfransı Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Sinq açaraq iştirakçıları salamlamaqdan məmnunluq duyduğunu bildirib. XXI əsrdə xüsusilə aktuallaşan miqrasiya mövzusuna hər bir ölkənin həssaslıqla yanaşmasının zəruriliyindən bəhs edən natiq bu konfransın səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib.

Konfransda  Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev çıxış edib. Xidmət rəisi bildirib ki, Azərbaycan Respublikası hələ ötən əsrin 80-ci illərinin sonlarından kütləvi miqrant axını ilə üzləşib. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində insanlar öz vətənlərindən didərgin salınıb. Nəticədə bir milyona yaxın qaçqın və məcburi köçkün ölkə ərazisində məskunlaşıb.

F.Nəbiyev qeyd edib ki, qaçqın və məcburi köçkünlər məcburi miqrasiyanın başlıca subyektləri kimi Azərbaycan Hökumətinin hərtərəfli diqqət və qayğısı ilə himayə edilib. Belə ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" əsasında ölkədə bütün qaçqın və məcburi köçkün düşərgələri ləğv olunaraq, respublikanın ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün müasir infrastrukturlu 90 yeni qəsəbə və hündürmərtəbəli yaşayış binaları kompleksi  tikilib istifadəyə verilib, 46 min ailə-230 min nəfərin isə mənzil məişət şəraiti yaxşılaşdırılıb.

Xidmət rəisi əlavə edib ki, hazırda, Azərbaycan Hökuməti tərəfindən bu insanların məşğulluq, təhsil, yaşayış sahəsi və tibbi, sоsial təminatı ilə əlaqədar tədbirlər mərhələli qaydada və ən başlıcası daha ağır şəraitdə yaşayan ailələrin sоsial, mənzil-məişət prоblеmlərinin həlli istiqamətində tədbirlər davam etdirilir.

Ölkəmizdə bu günə qədər  miqrantlara münasibətdə milli, etnik və dini zəmində hüquq pozuntusu qeydə alınmadığını xüsusi vurğulayan F.Nəbiyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycan Respublikasında müşahidə olunan sürətli sosial-iqtisadi inkişaf, miqrantların hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər,  ölkəmizdəki siyasi sabitlik, həmçinin ölkəmizin geosiyasi mövqeyi dünyanın müxtəlif yerlərindən Azərbaycana miqrasiya edənlərin sayının artmasına səbəb olub. Beləliklə, Azərbaycan Respublikası mənşə ölkəsindən təyinat ölkəsinə çevrilib. Çünki, Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri əsas prioritetlərdəndir.

Miqrasiya sahəsində vahid dövlət siyasəti­nin hə­yata keçi­ril­mə­si, miqrasiya prosesləri­nin tənzimlənməsi sisteminin tək­milləş­diril­məsi və inkişaf etdi­rilməsi, bu sahədə dövlət orqan­larının   fəaliy­yə­tinin əlaqələndiril­məsi zərurəti nəzərə alınaraq Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı fərmana əsasən Azərbaycan Respublikası  Dövlət Miqrasiya Xidməti yaradılıb. 2009-cu il iyulun 1-dən miqrasiya proseslərinin idarəolunmasında tətbiq edilmiş “bir pəncərə” prinsipi çərçivəsində Dövlət Miqrasiya Xidməti əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün  icazələrin və müvafiq vəsiqələrin verilməsini, onların qeydiyyata alınmasını, Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətinin uzadılmasını, həmçinin ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsini həyata keçirir. Bununla belə, Xidmət vətəndaşlıq məsələlərində iştirak edir və qaçqın statusunu müəyyənləşdirir.

Xidmət rəisi onu da qeyd edib ki, dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi, vətəndaş məmnunluğunun təmin olunması məqsədilə 2012-ci ildə Azərbaycan brendi olan və nümunəvi model kimi hazırda Avropa ölkələri tərəfindən öyrənilən ASAN xidmət mərkəzləri yaradılıb. Dövlət Miqrasiya Xidməti  tərəfindən də ASAN xidmət mərkəzlərində bir neçə xidmət növü təqdim olunur. Belə ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin respublikamızda müvəqqəti və yaxud daimi yaşama, həmçinin onların ölkəmizdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələrinin verilməsi kimi  müraciətlər qəbul edilir.

Dövlət Miqrasiya Xidmətinin miqrasiya sahəsində dünyanın aparıcı beynəlxalq təşkilatlarından biri olan BMqT ilə  yüksək səviyyədə olan uğurlu əməkdaşlığını bundan sonra da inkişaf etdirəcəyini deyən Xidmət rəisi Azərbaycanın miqrantların hüquqlarının müdafiəsi üzrə qarşıda duran vəzifələri uğurla yerinə yetirmək əzmində olduğunu bildirib.

Konfrans öz işini oktyabrın 27-də yekunlaşdırıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur