Dövlət Miqrasiya Xidməti "Açıq qapı" günü və növbəti hüquqi maarifləndirmə tədbiri keçirib  

Dövlət Miqrasiya Xidməti oktyabrın 20-də Xaçmaz regional miqrasiya idarəsinin əhatə etdiyi Qusarda vətəndaşlar və mətbuat nümayəndələri üçün “Açıq qapı günü” - vətəndaş forumu keçirib. Həmin gün vətəndaşsızlığın aradan qaldırılması, əcnəbi işçi qüvvəsindən istifadə qaydaları, qanunsuz miqrasiyaya qarşı mübarizə ilə bağlı və əcnəbi və vətəndaşlığı olmayan şəxslər, vətəndaşlar, aidiyyəti dövlət qurumları, ictimai təşkilatlar, işəgötürənlər, sahibkarların nümayəndələrinin iştirakı ilə maarifləndirmə tədbiri də keçirilib.

“Açıq qapı günü” - vətəndaş forumu “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq həyata keçirilib. “Milli Fəaliyyət Planı”nda dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, ictimaiyyət ilə sıx əlaqələrin qurulması və ictimai iştirakçılığın genişləndirilməsi ilə bağlı bir sıra prinsiplər yer alıb. Dövlət Miqrasiya Xidməti də bu prinsiplərdən irəli gələrək belə tədbirlərin təşkilini davam etdirir.

“Açıq qapı günü”nün məqsədi ictimaiyyəti, eləcə də KİV nümayəndələrini Xidmətin fəaliyyəti və göstərdiyi müasir xidmətlər ilə yaxından tanış etməkdir. “Açıq qapı” günündə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyat, müvəqqəti və daimi yaşam icazələrinin verilməsi, vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi prosesi, günün tələblərinə cavab verən xidmət şəraiti, qeydiyyatla bağlı hüquqi prosedurlar, yaradılmış rahat, çevik və modern xidmətlər əyani şəkildə vətəndaşlara və KİV nümayəndələrinə nümayiş etdirilib.

Tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ölkəmizdə miqrasiya proseslərinin tənzimlənməsi, idarə olunması sahəsində “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirir. DMX-nin fəaliyyət sferasına əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma, müvəqqəti və daimi yaşama, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması, vətəndaşlıq məsələləri, vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, qaçqın statusunun müəyyənləşdirilməsi və s. kimi məsələlər daxildir. Xidmətin aparatında, istərsə də regional miqrasiya idarələrində vətəndaşlara rahat, operativ və şəffaf xidmət üçün ardıcıl tədbirlər həyata keçirilir. “Açıq qapı günü”ndə DMX-nin elektron və onlayn xidmətləri barədə geniş məlumat verilib. Qurumun istifadəyə verdiyi 10-u elektron hökumət portalına qoşulmuş 11 elektron xidmətdən istifadə qaydaları və faydaları əyani şəkildə izah olunub, bununla bağlı verilən suallar cavablandırılıb. Tədbirdə vurğulanıb ki, artıq Xidmət tərəfindən olduğu yer üzrə elektron qeydiyyatın həyata keçirilməsinə başlanılıb. Belə ki, elektron xidmətlərin yaratdığı imkanlar sayəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin müraciətləri artıq həm də elektron qaydada qəbul edilir.

Bildirilib ki, Xidmətdə informasiya-kommunikasiya texnologiyaları strategiyasının icrası və inkişafı, yeni hesabat altsistemi proqram təminatının hazırlanması, informasiya sistemlərinin yaradılması məqsədilə kompleks İKT tədbirləri həyata keçirilir. Belə ki, Azərbaycan Prezidentinin 2009-cu il 6 fevral tarixli  Sərəncamına əsasən fəaliyyəti təmin edilən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi (VMMS) bu gün ölkədə baş verən miqrasiya proseslərinin dinamikası barədə tam təsəvvürün yaradılmasına imkan verir. Həmçinin, VMMS-nin “Giriş-Çıxış və Qeydiyat” İdarələrarası Avtomatlaşdırılmış Məlumat-Axtarış Sisteminə və Əhalinin Dövlət Reyestrinə inteqrasiyası təmin olunub. Eyni zamanda, DMX-də virtual informasiya təhlükəsizliyinə, o cümlədən istifadə olunan informasiya sistemləri, internet resursları, elektron xidmətlər və kompüter şəbəkələrinin təhlükəsizliyinə ciddi nəzarət həyata keçirilir.

Tədbirdə nəzərə çatdırılıb ki, dövlətin qayğısının nəticəsidir ki, istər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti, istər Naxçıvan Muxtar Resbulikası Dövlət Miqrasiya Xidməti, istərsə də regional miqrasiya idarələri üçün müasir inzibati binalar tikilib istifadəyə verilib və fəaliyyət göstərir. Bəzilərinin isə tikintisi davam etdirilir. Həmin binalar müasir tələblərə tam cavab verir və binalarda yüksək səviyyədə xidmət şəraiti yaradılıb. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, həmçinin vətəndaşların qəbulu şöbələri müasir avadanlıq və zəruri vasitələrlə təchiz olunub. Qurumun hər bir regional idarəsində miqrasiya məsələləri ilə bağlı informasiya və hüquqi maarifləndirmə guşələri yaradılıb. Bu da ictimai maariflənmənin təmin olunmasına, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, eləcə də əhalinin bu sahədə hüquqi biliklərinin artırılmasına xidmət edir.

Qeyd edildiyi kimi, həmin gün Xidmət tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, vətəndaşlar, aidiyyəti dövlət qurumları, ictimai təşkilatlar və digər maraqlı tərəflər üçün miqrasiya prosesləri və vətəndaşsızlıq hallarının aradan qaldırılması ilə əlaqədar hüquqi maarifləndirmə ilə bağlı seminar keçirilib. DMX tərəfindən bu ilin əvvəlindən start verilən hüquqi maarifləndirici tədbirlərin təşkilində məqsəd, vətəndaşsızlığın aradan qaldırılması, qanunsuz miqrasiyaya qarşı mübarizə, əcnəbilərin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi prosedurları, miqrasiya qanunvericiliyinə edilmiş əlavə və dəyişikliklərlə bağlı ictimai maariflənmənin təmin olunmasıdır.

Görüşün sonunda verilən suallar cavablandırılıb və təqdimatla bağlı fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, belə tədbirlər bu ilin əvvəlindən etibarən Lənkəran, Gəncə, Xaçmaz, Şirvan, Şəki, Sabirabad və digər şəhər və rayonlarda da təşkil edilib.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur