newsPhoto

  Dövlət Miqrasiya Xidmətinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə xidməti müşavirə keçirilib

 

 

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən irəli gələn məsələlərin operativ şəkildə həlli ilə bağlı Xidmətin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə xidməti müşavirə keçirib.

F.Nəbiyev bildirib ki, dövlət başçısı xarici investisiyaları qeyri-neft sektoruna cəlb eməyi prioritetlərdən biri kimi müəyyənləşdirib və Dövlət Miqrasiya Xidməti də əcnəbi sərmayədarların ölkəmizdə miqrasiya ilə bağlı məsələlərinin operativ şəkildə həlli işinə diqqəti daha da artırmalıdır. Doğrudur, Azərbaycanın miqrasiya qanunvericiliyində əcnəbilərə ölkəmizdə yaşama və iş icazələrinin verilməsi kifayət qədər sadələşdirilib. Əvvəlki qanunvericilik müvəqqəti yaşamaq üçün icazənin, o cümlədən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin müddətinin dörd dəfədən artıq uzadılamasına yol vermirdi, amma 2013-cü il avqustun 1-dən qüvvəyə minən Miqrasiya Məcəlləsinə əsasən bu məhdudiyyət aradan qaldırılıb. Həmçinin, dövlətimizin inkişaf sürəti nəzərə alınaraq ölkə iqtisadiyyatına azı 500.000 manat investisiya qoyan şəxslərə 3 ilədək müddətə müvəqqəti yaşamaq üçün icazənin verilməsinə dair müddəa da hazırkı qanunvericilikldəki yeniliklərdən biridir.

Xidmət rəisi əlavə edib ki, “Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti bir daha vurğulayıb ki, korrupsiyaya və rüşvətxorluğa qarşı daha ciddi mübarizə aparılmalıdır. Dövlətin Xidmətə göstərdiyi yüksək diqqət və qayğıya cavab olaraq hər bir miqrasiya orqanı əməkdaşı üzərinə düşən vəzifə borcunu böyük məsuliyyət hissi ilə yerinə yetirməli, neqativ hallara yol aça biləcək nüanslara fürsət verməməlidir. Çünki ölkə başçısının söylədiyi kimi hər bir məmur yalnız xalqın xidmətçisidir.”

F.Nəbiyev xüsusi vurğulayıb ki, “bilavasitə Xidmətin struktur bölmələrinin və tabeliyindəki qurumların fəaliyyətinə cavabdehlik daşıyan rəhbər heyətin üzərinə daha böyük məsuliyyət düşür. Ona görə də siz miqrasiya ilə bağlı bütün məsələlərə, müraciət edənlərin məmnunluğunun təmin edilməsi ilə əlaqədar yarana biləcək anlaşılmazlıqlara dərhal müdaxilə edərək aradan qaldırmalı, neqativ hallara yol verilməsinə imkan verməməlisiniz. Miqrasiya prosesi qloballaşan dünyanın ayrılmaz hissəsidir. Qısa vaxt ərzində miqrasiya sahəsində Azərbaycanda həyata keçirilmiş yenilikləri ölkə ictimaiyyəti də, beynəlxalq təşkilatlar da, respublikamıza gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də görür və ölkəmizdə miqrasiya ilə bağlı görülən işlər nümunə göstərilir. Biz bu etimadı layiqincə doğrultmalıyıq”. Bunun üçün hər bir miqrasiya xidməti qulluqçusunun öz vəzifə borcuna bundan sonra da məsuliyyətlə yanaşacağına inandığını qeyd edən Xidmət rəisi bildirib ki, Dövlət  Miqrasiya Xidmətinin əməkdaşları bütün vəzifə və tapşırıqların öhdəsindən peşəkarlıqla və layiqincə gəlməlidir.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur