Dövlət Miqrasiya Xidmətində ali təhsil müəssisələrinin və Təhsil Nazirliyinin nümayəndələri ilə görüş keçirilib  

 

Görüşün əsas məqsədi ali təhsil müəssisələrinə yeni qəbul olunmuş və həmin müəssisələrdə təhsil alan əcnəbi tələbələrin miqrasiya ilə bağlı məsələlərinin vaxtında həll edilməsidir.

Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin müdiri Muxtar Məmmədovun və nazirliyin digər rəsmi şəxslərinin, o cümlədən ölkəmizdə fəaliyyət göstərən 35 ali məktəbin əcnəbi tələbələrlə iş üzrə müvafiq struktur bölmələrinin məsul əməkdaşlarının iştirak etdiyi görüşdə Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasında miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsi ilə bağlı görülən işlər, ölkəmizdə miqrasiya sahəsində baş verən yeniliklər, qanunvericiliyə edilmiş əlavələr barədə məlumat verilib, Miqrasiya Məcəlləsinə edilmiş son dəyişikliklərdən ətraflı danışılıb.

Bildirilib ki, Miqrasiya Məcəlləsinə uyğun olaraq əcnəbi tələbələrin ölkəyə gəldikləri vaxtdan 10 gün ərzində olduğu yer üzrə qeydiyyata düşmələri, şəxsin müvəqqəti yaşama icazəsinin verilməsi ilə əlaqədar müraciətinin olduğu yer üzrə qeydiyyat müddəti bitməmiş  və yaxud əvvəl verilmiş müvəqqəti yaşama icazəsi olduğu halda icazə vəsiqəsinin müddətinin bitməsinə 30 gün qalmış edilməsi oxuduğu ali təhsil müəssisəsi tərəfindən təmin olunmalıdır.

Sənədlərin vaxtında və düzgün təqdim edilməməsinin əcnəbi tələbələrin ölkədə olma və yaşama qaydalarının pozulmasına səbəb olmaması üçün bu cür izahedici söhbətlərin, maarifləndirmə xarakterli görüşlərin əhəmiyyəti xüsusi vurğulanıb. 

Görüşdə bu istiqamətdə Təhsil Nazirliyi ilə birgə mütəmadi olaraq müvafiq iş aparılmasının, ali məktəblərin əcnəbi tələbələrlə iş üzrə müvafiq struktur bölmələrinin məsul əməkdaşlarının bu prosesə diqqətlə yanaşmalarının zəruriliyi əsaslandırılıb. 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur