newsPhoto

Dövlət Miqrasiya Xidmətinin rəisi ARDNŞ və bp şirkətinin nümayəndə heyəti ilə görüşüb  

 

 

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “bp Exploration (Caspian Sea) LTD” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbərliyi ilə görüşüb.

 

“bp Exploration (Caspian Sea) LTD” şirkətinin rəhbəri cənab Gordon Birrell məmnuniyyət hissi ilə Azərbaycanın neft-qaz sektorundakı işlərdə təmsil olunmanın yüksək səviyyədə davam etdiyini bildirib, “Şahdəniz-2” qaz yatağının işlənməsi, habelə dayaz sulu “Abşeron” yatağı üzrə geoloji-kəşfiyyat işlərinə hazırlıq barədə məlumat verib. Qeyd edib ki, “Azəri-Çıraq-Günəşli” blokunun istismarının davam etməsi, həmçinin “Şahdəniz-2”nin tikinti fazası mərhələsində ölkənin miqrasiya qanunvericiliyinə tam əməl olunur. 2013-cü ildə imzalanmış layihənin işçi heyətinin milliləşməsinə dair razılıq əsasında transmilli neft-qaz layihələrində Azərbaycan vətəndaşlarının təmsil olunmalarının göstəricilərinin artırılması gündəlik diqqət mərkəzindədir.

 

Xidmət rəisi bildirib ki, son illər bp şirkətinin əldə etdiyi nailiyyətlər, nəticələr sevindiricidir və işlərin ahənginin bu şəkildə davam etməsi üçün Dövlət Miqrasiya Xidməti bundan sonra da öz dəstəyini göstərəcəkdir. O, milliləşmə siyasəti ilə bağlı bp şirkətinin və podratçı müəssisələrin, ARDNŞ nümayəndələrinin fəaliyyətini yüksək qiymətləndirib. Bu tendensiyanın illik planlara uyğun olaraq davam etməsinin zəruriliyini vurğulayıb və bu prosesə gündəlik diqqət ayırmalarını məmnunluq hissi ilə qeyd edib. Bildirib ki, bundan sonra da neft-qaz sektorunda işlərin qrafikə uyğun davam etməsi məqsədilə yüksək səviyyəli, zəngin təcrübəli əcnəbi mütəxəssislərin layihələrə cəlb olunmaları prosesinə Dövlət Miqrasiya Xidməti tərəfindən çevik, operativ yanaşılma davam edəcəkdir. F.Nəbiyev razılıq hissi ilə qeyd edib ki, qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi, gündəlik işgüzar təmaslar yaranan texniki problemlərin birgə həllinə öz töhfəsini verməkdədir.

 

Görüşün sonunda qarşıdakı illər ərzində işlərin daha da artmasına rəğmən, milliləşmə strategiyasının önəmi bir daha qeyd olunub, bp və ARDNŞ tərəfindən neft və qaz sənayesindəki yerli peşəkar kadrların inkişafını dəstəkləmək üçün işəgötürmə kampaniyalarının, təhsil və təlim proqramlarının təşkili istiqamətində birgə işlər davam etdiriləcəkdir.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur