newsPhoto

Dövlət Miqrasiya Xidmətində Beynəlxalq Miqrasiya Təşkilatının Baş Direktoru Uilyam Svinqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev sentyabrın 2-də ölkəmizdə rəsmi səfərdə olan Beynəlxalq Miqrasiya Təşkilatının Baş Direktoru Uilyam Svinqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Qeyd edək ki, səfərin məqsədi miqrasiyanın idarəedilməsi sahəsində Azərbaycanda əldə edilmiş tərəqqi və bu xüsusda hökumətin səyləri ilə tanış olmaq, eləcə də Azərbaycan və BMqT arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında müzakirələrin aparılması olub. Görüş zamanı Xidmət rəisi F.Nəbiyev qonaqları salamlayaraq Azərbaycanda miqrasiya prosesləri ilə bağlı mövcud vəziyyət haqqında ətraflı məlumat verib. Xidmət rəisi ölkənin ötən əsrin 90-cı illərinin əvvəllərində üzləşdiyi miqrasiya problemləri, problemlərin yaranma səbəbləri, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində baş vermiş işğal faktı, bunun nəticəsində də 1 milyondan artıq insanın  20 ildən çox müddət ərzində qaçqın və məcburi köçkün həyatı yaşadığını qonaqların diqqətinə çatdırıb. Bildirib ki, son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli inkişafı əcnəbilərin respublikamıza marağını  artırıb. F.Nəbiyev 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə yaradılmış Xidmətin fəaliyyət istiqamətləri, görülmüş işlər barədə geniş söhbət açıb. Azərbaycanın milli miqrasiya qanunvericiliyinin zənginliyi, beynəlxalq təcrübəni özündə əhatə etməsi və sadəliyi qonaqlarda xoş təəssürat yaradıb. Miqrasiya Məcəlləsinin qəbulundan, Məcəlləyə son illər edilmiş əlavə və dəyişikliklərdən bəhs edən Xidmət rəisi beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığın uğurlu nəticələrinə də diqqət çəkib. Beynəlxalq Miqrasiya Təşkilatı, eləcə də təşkilatın Azərbaycan nümayəndəliyi ilə əlaqələrin səmərəli olduğunu vurğulayıb. Xidmətdə yaradılmış xidməti şəraiti, Vahid Miqrasiya Məlumat Sisteminin fəaliyyəti, əməkdaşların qulluğa qəbulu işindəki şəffaflığın yüksək səviyyədə təmin edilməsi qonaqların marağına səbəb olub.

Beynəlxalq Miqrasiya Təşkilatının Baş Direktoru U.Svinq Azərbaycanda gördüklərinin, Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti haqqında aldığı məlumatların onda yaratdığı xoş təəssüratları görüş iştirakçıları ilə bölüşüb. Görüşdə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Cənab U.Svinq Azərbaycanda yaradılmış miqrasiya idarəçiliyi modelini çox bəyəndiyini və onun digər ölkələr üçün nümunə ola biləcəyini qeyd edib. O, Azərbaycanın tolerant ölkə olmasını vurğulayaraq əcnəbilərin hüquqlarının qorunması sahəsində görülən işlərin təqdirəlayiq olmasını diqqətə çatdırıb. Qonaq readmissiya sahəsində, xüsusilə də üçüncü ölkələrlə readmissiya sazişlərinin imzalanmasında Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycana hər zaman dəstək verə biləcəyini bildirib. O, könüllü qayıdışla bağlı layihənin icrasına yaxın zamanlarda başlanılacağını qeyd edərək, bu sahədə də ölkəmizə köməklik etməyə hazır olduqlarını nəzərə çatdırıb. Cənab U.Svinq münaqişə nəticəsində öz vətənlərini tərk etməyə məcbur olmuş və hazırda xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarına BMqT tərəfindən daim yardım göstərildiyini bildirib. O, Beynəlxalq Miqrasiya Təşkilatı və Azərbaycan Respublikası arasında əməkdaşlığın daha da genişləndirilməsi və gücləndirilməsinin zəruriliyini vurğulayıb.     

Qonaqlar Xidmətin Heydər Əliyev Muzeyi ilə tanış olub, U.Svinq Xatirə kitabına ürək sözlərini yazıb.

Səfər zamanı qonaqlar Xidmətin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar. Onlara Mərkəzdəki mövcud şərait haqqında ətraflı məlumat verilib. Cənab Svinq orada yerləşdirilən əcnəbilərlə söhbət edib. Söhbət zamanı əcnəbilər Xidmət tərəfindən gün ərzində 3 dəfə pulsuz qidalandıqlarını, geri qaytarılmamaq şərti ilə ehtiyacları olan geyim və lazımi əşyalarla təmin olunduqlarını, həmçinin onlara diqqət və qayğı ilə yanaşıldığını bildiriblər. Cənab Svinq Mərkəzin beynəlxalq standartlara cavab verdiyini qeyd edərək Azərbaycan dövlətinin miqrasiya sahəsinə xüsusi diqqət  ayırmasından, Xidmətdə yaradılmış şəraitdən, əməkdaşların peşəkarlığından məmnunluğunu ifadə edib. O, Azərbaycan təcrübəsinin digər dövlətlərin aidiyyatı qurumlarına nümunə olduğunu və öyrənilməsini tövsiyyə edib.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur