newsPhoto

Dövlət Miqrasiya Xidməti Zaqatala rayonunda səyyar xidmət təşkil edib  

Dövlət Miqrasiya Xidməti Şəki regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Zaqatala şəhərində Zaqatala, Balakən və Qax rayonlarında yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün regional səyyar xidmət təşkil edib.

Həmin gün həmçinin ölkədə qeyri-qanuni yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması, vətəndaşsızlığın aradan qaldırılması, əcnəbi işçi qüvvəsindən istifadə qaydaları, qanunsuz miqrasiyaya qarşı mübarizə ilə bağlı əcnəbi və vətəndaşlığı olmayan şəxslər, vətəndaşlar, aidiyyəti dövlət qurumları, ictimai təşkilatlar, işəgötürənlər, sahibkarların nümayəndələrinin iştirakı ilə maarifləndirmə tədbiri də keçirilib.

110 nəfərin qatıldığı tədbirdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma, müvəqqəti və daimi yaşama, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması, vətəndaşlıq məsələləri, vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, qaçqın statusunun müəyyənləşdirilməsi və s. kimi məsələlərlə bağlı Dövlət Miqrasiya Xidmətinin gördüyü işlər barədə geniş məlumat verilib. DMX tərəfindən göstərilən elektron xidmətin imkanları izah olunub.

Sonra səyyar xidmət həyata keçirilib. Səyyar xidmətin imkanlarından müraciət edən 101 şəxs  istifadə edib. Onlardan 9 nəfərindən vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması, əcnəbi və ya vətəndaşlığı olmayan 5 nəfərdən müvəqqəti, 1 şəxsdən daimi yaşama icazələrinin verilməsi ilə bağlı sənədlər qəbul olunub. 15 şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqələri, 53 nəfərə vətəndaşlıq mənsubiyyətinin  müəyyən olunması ilə bağlı arayış verilib. 18 şəxsə isə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması, müvəqqəti, həmçinin daimi yaşama, o cümlədən iş icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahısı təqdim olunub.

Müraciət edənlər səyyar xidmətin təşkilinə görə minnətdarlıqlarını bildirblər.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur