Dövlət Miqrasiya Xidmətində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Tədbir iştirakçıları əvvəlcə Dövlət Miqrasiya Xidmətində Ulu öndər Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Sonra müasir, müstəqil Azərbaycanın banisi Heydər Əliyevin ölkəmizin inkişafı üçün gördüyü mühüm işlərdən söhbət açılıb. Dövlətçiliyimizin möhkəmləndirilməsində, əhalinin rifahının yüksəldilməsində, iqtisadiyyatımızın inkişafında Ümummilli Liderin əvəzsiz xidmətlərindən danışılıb.
Azərbaycan Milli Elmlər Akademiyası, Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramovun Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən məruzəsi dinlənilib. Bildirilib ki, bu dahi şəxsiyyət respublikamızı məhv olmaq təhlükəsindən xilas edib, ölkəni xaos və böhrandan qurtarıb, vətəndaş müharibəsinin qarşısını alıb, ölkədə sabitliyə nail olub. Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində ölkəmizin bütün sahələrində genişmiqyaslı islahatlar həyata keçirilib. Ümummilli Liderin sosialyönümlü və innovativ iqtisadiyyatın formalaşması strategiyası, o cümlədən karbohidrogen ehtiyatlarının işlənməsi, regionların inkişafı siyasəti, infrastrukturun, yeni istehsal sahələrinin yaradılması kimi kompleks tədbirlər sonrakı illərdə Azərbaycanın dinamik inkişafı üçün möhkəm zəmin yaradıb.
Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və uğurla davam etdirilməsi nəticəsində respublikamızın inkişafı davamlı xarakter alıb. Bu inkişafın təkcə ölkədaxilində yox, xaricdən də aydın görünməsinin nəticəsidir ki, bu gün Azərbaycana təşrif buyuran əcnəbilərin sayı ildən-ilə artmaqdadır.
Sosial-iqtisadi inkişaf tempinə görə dünyanın qabaqcıl dövlətlərindən birinə, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmiş Azərbaycanın milli və iqtisadi maraqlarının qorunmasına miqrasiya proseslərinin idarəedilməsi və tənzimlənməsini həyat keçirən Dövlət Miqrasiya Xidmətinin verdiyi töhfələr qeyd edilib.
Sonda tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş filmə baxıblar.
Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən foto və kitab sərgisi də Xidmətə müraciət edən əcnəbilər tərəfindən maraqla qarşılanıb.