Dövlət Miqrasiya Xidmətində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib
Dövlət Miqrasiya Xidmətində 20 Yanvar faciəsinin miqyasını, dəhşətlərini əks etdirən foto və kitab sərgisi təşkil edilib. Xidmətə müraciət edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdə faciə barədə aydın və obyektiv təsəvvür yaratmağa xidmət edən sərgi ziyarətçilərin marağına səbəb olub.
Anım mərasimində Azərbaycanın istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının xatirəsi sükutla yad edilib.
Dövlət Miqrasiya Xidməti rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev 1990-cı ilin yanvarında dinc əhaliyə qarşı sovet imperiyası qoşun birləşmələrinin törətdiyi qanlı cinayətlərdən danışıb. Bildirib ki, ötən əsrin 80-ci illərinin sonunda Ermənistandakı tarixi ata-baba yurdlarından 250 min soydaşımızın deportasiyasına və Azərbaycanın Dağlıq Qarabağ ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinə, ermənilərlə əlbir olan keçmiş SSRİ rəhbərliyinin ədalətsiz, qərəzli mövqeyinə, məkrli əməllərinə, hadisələrin təhlükəli istiqamətdə inkişafına etiraz olaraq Azərbaycan xalqı ayağa qalxmışdı. Milli azadlıq hərəkatını boğmaq, xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq məqsədilə Sovet rəhbərliyi yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeritmiş, əliyalın əhaliyə divan tutulmuş, 147 nəfər qətlə yetirilmiş, 700-dən artıq insan yaralanmışdır.
P.Musayev qeyd edib ki, qan yaddaşımıza əbədi həkk olunmuş 20 Yanvar faciəsi, eyni zamanda, tariximizin qəhrəmanlıq səhifəsidir.
Tədbirdə Ümummilli lider Heydər Əliyevin respublikamızın Moskvadakı daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransında özünəməxsus cəsarət və qətiyyətli çıxışının tarixi əhəmiyyətindən danışılıb. Prezident İlham Əliyevin şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlardan, eləcə də şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan bəhs olunub.
Sonra “Şəhidlər” kitabının müəllifi, əməkdar jurnalist, yazıçı-dramaturq Rafiq Səməndər 20 Yanvar hadisələri barədə xatirələrini bölüşüb.
Tədbir “Tarixin qan yaddaşı” sənədli filminin nümayişi ilə başa çatıb.