Dekabrın 19-da Dövlət Miqrasiya Xidmətində Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib

Bakıda təşkil olunmuş Türkiyə-Azərbaycan VIII Dövr Konsulluq Məsləhətləşmələrində  Türkiyə Respublikasını təmsil edən nümayəndə heyəti ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində görüş keçirilib.

Qonaqları salamlayan Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev iki qardaş ölkə arasında mövcud münasibətlərdən bəhs edib. Tarixi köklərə söykənən bu münasibətlərin inkişaf etdirilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xidmətləri xüsusi qeyd olunub.

F.Nəbiyev Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verib. 

Türkiyə ilə Azərbaycan arasında miqrasiya sahəsində əməkdaşlıqdan söhbət açan Xidmət rəisi qardaş ölkə vətəndaşlarının respublikamızda tikinti, neft-qaz, yəni enerji sektoru və emal sənayesi, iri istehsalat layihələri, yaşayışın təşkili və ictimai iaşə, təhsil, topdan və pərakəndə ticarət, kənd təsərrüfatı, turizm, avtomobillərin təmiri sahələrində əməkçi miqrant kimi haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduqlarını, onların və ümumiyyətlə  miqrantların hüquqlarının  Azərbaycanda yüksək səviyyədə qorunduğuna diqqət çəkib. Azərbaycan vətəndaşlarının da qardaş ölkədə bu cür qayğı ilə əhatə olunduğuna əminliyini ifadə edib.

Nümayəndə heyətinin rəhbəri  Türkiyə Xarici İşlər Nazirliyinin konsulluq idarəsinin  rəisi, səfir Mehmet Samsar səmimi qəbula görə minnətdarlığını bildirib. Ümummilli lider Heydər Əliyevin “Bir millət iki dövlət” kəlamını xatırlayıb. Son illərdə   Azərbaycanın sürətli inkişafından söhbət açıb, Bakının çox müasir bir şəhər kimi onda yaratdığı təəssüratı bölüşüb.

Sonda tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılb.

Görüşdə Türkiyə Respublikasının ölkəmizdəki səfiri Alpər Coşkun iştirak edib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur