18 dekabr - Beynəlxalq Miqrant Günü ilə əlaqədar konfrans keçirilib  

Dövlət Miqrasiya Xidmətinin təşkil etdiyi konfransın iştirakçıları əvvəlcə əlamətdar günə həsr olunan sərgiyə baxıblar.

Tədbirdə çıxış edən DMX-nin rəis müavini Pərviz Musayev bildirib ki, dünyada miqrasiya prosesləri, miqrantların, xüsusilə əməkçi miqrantların hüquq və azadlıqlarının qorunması ən aktual məsələlərdən biridir. O, 1990-cı il dekabrın 18-də BMT Baş Məclisinin qərarı ilə “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Beynəlxalq Konvensiyanın qəbul edildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, 2000-ci il dekabrın 18-dən hər il dünyada Beynəlxalq Miqrant Gününün qeyd edilməsinə başlanıb.

Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk günlərdən miqrasiya axınları ilə üzləşdiyini vurğulayan P.Musayev deyib ki, 250 mindən artıq azərbaycanlı milli mənsubiyyətinə görə Ermənistandan zorla çıxarılıb. Azərbaycan Respublikasının ərazisinin 20 faizdən çox hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində isə ümumilikdə bir milyondan artıq soydaşımız ata-baba yurdlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilib. O, Azərbaycanda ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə gedən sürətli inkişaf, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə qazanılan nailiyyətlər nəticəsində respublikamızın əcnəbilər üçün cəlbedici məkana çevrildiyini bildirib. P.Musayev xüsusi vurğulayıb ki, Azərbaycanda Miqrasiya Məcəlləsi qəbul edilib, bu sahədə qanunvericilik bazası təkmilləşdirilib və prosedurlar sadələşdirilib.

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktorpak ölkəmizdə miqrasiya sahəsində görülən işləri yüksək qiymətləndirib, əlamətdar gün münasibətilə təbriklərini çatdırıb. Azərbaycana gələn miqrantların dövlətimizin və xalqımızın qonaqpərvərliyindən razı qaldıqlarını vurğulayan S.Aktorpak bildirib ki, dünyada bəzi ölkələrdə əcnəbilər əziyyət çəkir, problemlərlə qarşılaşırlar. Amma Azərbaycanda belə problem yoxdur. Bu, Azərbaycanın yüksək kateqoriyada qərarlaşmasına şərait yaradan vacib məqamlardan biridir.

Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin sektor müdiri Hidayət Hüseynov hazırkı dövrdə miqrasiya proseslərinin aktuallığına və əhatə dairəsinə görə mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Miqrasiya proseslərindən ən çox zərər çəkən ölkələrdən birinin də Azərbaycan olduğunu deyən H.Hüseynov bildirib ki, respublikamız insan hüquq və azadlıqlarının müdafiəsi haqqında bütün konvensiyalara qoşulub. Bu konvensiyaların tələblərinə uyğunlaşdırılmış 20-dən çox qanun, eləcə də Miqrasiya Məcəlləsi qəbul olunub. ATƏT və Beynəlxalq Miqrasiya Təşkilatı ilə birlikdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı hazırlanaraq 2004-cü ildə Azərbaycan Prezidenti tərəfindən təsdiq olunub. Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti tərəfindən aidiyyəti dövlət qurumları ilə birlikdə qeyri-qanuni miqrantlar müəyyən edilərək qanuna uyğun qaydada müvafiq tədbirlərin görülməsi həyata keçirilib.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı bildirib ki, Azərbaycanda miqrantların hüquqlarının müdafiəsi ilə bağlı təkmil hüququ baza formalaşıb, mühüm sənədlər qəbul edilib. O, miqrantların hüquqlarının müdafiəsinin Ombudsmanın diqqət mərkəzində olduğunu bildirib.

Sonra Əfqanıstandan və İraqdan olan miqrantlar göstərilən diqqət və qayğıya görə Azərbaycan hökumətinə təşəkkürlərini bildiriblər.

Miqrant ailələrə qaçqın vəsiqəsi və hədiyyələr təqdim olunub.

Tədbirdə müvafiq dövlət qurumlarının, Bakıda akkreditə olunan diplomatik korpusun, QHT-lərin nümayəndələri iştirak ediblər.

Sonda Dövlət Miqrasiya Xidmətinin fəaliyyətindən bəhs edən film nümayiş olunub.

 


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur