Dövlət Miqrasiya Xidmətində ulu öndər Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib

Dövlət Miqrasiya Xidmətinin Heydər Əliyev Muzeyində ulu öndərin büstü önünə əklil qoyulub, xatirəsi ehtiramla yad olunub. Xidmətin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev bildirib ki, Azərbaycanın son onilliklər ərzində qazandığı uğurlar ulu öndər Heydər Əliyevin fəaliyyəti ilə birbaşa bağlıdır. 1993-cü ildə ümummilli lider siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan xalqını düşdüyü bəlalardan, rastlaşdığı problemlərdən qurtarıb, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaradıb. Məhz ölkəmizin inkişaf strategiyası görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev tərəfindən müəyyənləşdirilib və bu gün Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Prezidenti İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində respublikamız dünyanın dinamik inkişaf edən, müasirləşən, modernləşən, regionun isə lider dövlətinə çevrilib. Bütün bu amillərin nəticəsidir ki, ölkəmizə dünyada böyük maraq var və Azərbaycana təşrif buyuran əcnəbilərin sayı ildən-ilə artmaqdadır.

F.Nəbiyev dövlətin miqrasiya sahəsində siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsi üçün çevik idarəetmə aparatına malik orqan kimi Dövlət Miqrasiya Xidmətinin yaradılmasını, yüksək səviyyəli xidməti şəraitin formalaşdırılmasını da Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam və inkişaf etdirilən ulu öndərin hüquqi dövlət quruculuğu ideyasının təzahürü kimi dəyərləndirib.

Anım mərasimi Xidmətin akt zalında davam etdirilib. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən məruzə dinlənilib. Sonda mərasim iştirakçıları kinorejissor Vaqif Mustafayevin “Peşəkar” filminə baxıblar.

Xatırladaq ki, DMX-nin bir qrup əməkdaşı Heydər Əliyev Mərkəzində olub. Arxitekturası ilə paytaxtımıza xüsusi yaraşıq verən, əsrarəngizliyi ilə göz oxşayan, zənginliyi ilə qonaqlarını valeh edən Mərkəzlə yaxından tanışlıq, ulu öndərin həyat və fəaliyyətinin əks olunduğu muzeyi ziyarət hər bir miqrasiya orqanı qulluqçusunda zəngin təəssürat yaradıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur