Dövlət Miqrasiya Xidmətində Azərbaycan Respublikasının vətəndaşlığına yeni qəbul və bərpa olunmuş şəxslərlə görüş keçirilib

Noyabrın 22-də Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrsiya xidməti müşaviri Firudin Nəbiyev Azərbaycan Respublikasının vətəndaşlığına yeni qəbul və bərpa olunmuş şəxslərlə görüşüb.

Xidmətdə keçirilmiş görüşdə Firudin Nəbiyev ölkəmizin inkişafından, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasına uyğun olaraq regionun lider dövlətinə çevrilmiş Azərbaycanda son illərdə həyata keçirilən islahatlar nəticəsində əldə edilən uğurlardan söhbət açıb. Beynəlxalq birliyin bərabərhüquqlu üzvü kimi sabitliyin yüksək səviyyədə təmin olunduğu, tolerantlıq nümunəsi sayılan respublikamızın dünyanın siyasi, iqtisadi və mədəni mühitinə verdiyi töhfələrdən bəhs edib. Sadalanan bu amillərin xaricdə ölkəmizə yaratdığı marağa və elə bunun nəticəsidir ki, respublikamızda yaşamaq, işləmək, təhsil almaq, xüsusilə Azərbaycan vətəndaşı olmaq istəyənlərin sayının da ildən-ilə artmasına səbəb olduğuna diqqət çəkib. Xidmət rəisi bu arzuya qovuşanlarla görüşün əhəmiyyətini qeyd edib, bu il artıq ikinci dəfə belə yaddaqalan bir tədbirin keçirildiyini vurğulayıb. O, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Respublikasının vətəndaşlığına yeni qəbul və bərpa olunmuş şəxsləri təbrik edib.

Sonra Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilmiş şəxslərin siyahısı oxunub. 

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə əcnəbi və vətəndaşlığı olmayan 150 şəxs Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib, səkkiz nəfər isə Azərbaycan Respublikasının vətəndaşlığına bərpa olunub.  Onların arasında əsasən vətəndaşlığı olmayan şəxslər üstünlük təşkil edir.

Xidmət rəisi vətəndaşlığa qəbul və bərpa edilmiş şəxslərin hər birinin Azərbaycan dövlətinə layiqli vətəndaş olacaqlarına inamını ifadə edib. Görüş iştirakçıları sevinclərini bölüşüb, Azərbaycan Respublikasının vətəndaşı adını şərəflə daşıyacaqlarını bildirib, bu böyük etimada görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Tədbir dövlət himninin ifası ilə başa çatıb.

Xatırladaq ki, bu il Azərbaycan Respublikasının vətəndaşlığına daha 111 nəfər qəbul edilib, 2 nəfər isə bərpa olunub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur