Dövlət Miqrasiya Xidmətində dövlət bayrağı günü münasibətilə təbir keçirilib
Dövlət bayrağı günü münasibətilə Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin rəhbərliyi ilə miqrasiya orqanları əməkdaşları Dövlət Bayrağı Meydanı Kompleksini ziyarət ediblər.
Qonaqları qarşılayan Kompleksin rəhbərliyi Prezident İlham Əliyevin 2007-ci il noyabrın 17-də Bakıda bu meydanının yaradılması barədə Sərəncamının, hər il noyabrın 9-nun Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunmasının mahiyyətini bir daha diqqətə çatdırıb. Xidmətin rəhbərliyi və miqrasiya orqanları əməkdaşları əvvəlcə Dövlət Bayrağı Meydanı ilə yaxından tanış olublar.
Ziyarət Dövlət Bayrağı Muzeyində davam etdirilib. Miqrasiya qulluqçularının milli-vətənpərvərlik ruhunun daha da gücləndirilməsinə, tariximizə və mədəniyyətimizə dərindən bələd olmalarına xidmət edən bu ziyarət vaxtı ölkəmizin tarix boyu əldə etdiyi nailiyyətlər, Azərbaycan ərazisində müxtəlif dövrlərdə mövcud olmuş dövlətlərin saxlanılan bayraqları və digər dövlət rəmzləri ilə tanışlıq xüsusilə yadda qalan olub.
Xidmətin rəisi F.Nəbiyev Ümummilli lider Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan Respublikasının üçrəngli dövlət bayrağının ölkəmizin Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə həmişə ucalarda və daim vüqarla dalğalanması üçün miqrasiya orqanlarının hər bir əməkdaşının üzərinə düşən vəzifələrə toxunub.
Dövlət Bayrağı Meydanı Kompleksi ilə tanışlıq və verilən məlumatlar hər zaman Azərbaycanın milli və iqtisadi təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanan, miqrasiya proseslərinin tənzimlənməsi işini müvəffəqiyyətlə yerinə yetirən, xidmət orqanı kimi müraciət edənlərin məmnunluğunun təmin edilməsini prioritetə çevirən və cari ilin 10 ayına uğurla yekun vuran Dövlət Miqrasiya Xidməti əməkdaşları tərəfindən yüksək əhval-ruhiyyə və iftixar hissi ilə qarşılanıb.
F.Nəbiyev kompleksin xatirə kitabına ürək sözlərini yazıb. Xatirə şəkli çəkdirilib.
Daha sonra Xidmətin inzibati binasında Dövlət bayrağı günü münasibətilə təntənəli tədbir keçirilib. Dövlət Himni oxunub. “Azərbaycan bayrağı dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir” mövzusunda məruzə dinlənilib. Tədbir iştirakçıları Azərabyacan Bayrağına həsr olunmuş filmə baxıblar.