Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İcraiyyə Komitəsinin 65-ci sessiyası keçirilir
Sentyabrın 29-da BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İcraiyyə Komitəsinin Cenevrədə Millətlər Sarayının yığıncaq zalında öz işinə başlayan 65-ci sessiyasında iştirak etmək üçün Azərbaycanın yüksək səviyyəli rəsmi nümayəndə heyəti artıq İsveçrədə səfərdədir. Ölkəmizi sessiyda Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərlik etdiyi və Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin də daxil olduğu nümayəndə heyəti təmsil edir.
Sessiyanın ilk günü BMT-nin Qaçqınlar üzrə ali komissarı Antonio Quterreş, İcraiyyə Komitəsinin sədri Çoi Seokyunq, BMT baş katibinin soyqırımının qarşısının alınması üzrə xüsusi müşaviri Adama Dienq, Afrika qrupu adından Namibiyanın daxili işlər və immiqrasiya üzrə naziri Pendukeni İivula-İtana, eləcə də bir sıra beynəlxalq təşkilatların və nümayəndə heyətlərinin rəhbərləri çıxış ediblər. Onlar hazırda dünyanın müxtəlif regionlarında, xüsusilə də Afrikada qaçqın və məcburi köçkün probleminin acınacaqlı hal aldığını, bu qitədə 3 milyon insanın qaçqın, 12,5 milyon insanın məcburi köçkün həyatı yaşadığını, bununla yanaşı, 700 mindən artıq insanın vətəndaşlığının olmadığını qeyd ediblər.
Sessiyada çıxış edən Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ilk növbədə BMT-nin Qaçqınlar üzrə ali komissarına İcraiyyə Komitəsinin cari sessiyasında ali seqment çərçivəsində Afrika qitəsində qaçqınlarla bağlı vəziyyətə dair müzakirə keçirilməsi barədə vaxtında irəli sürülmüş təşəbbüsə görə təşəkkürünü bildirib. O, xüsusi vurğulayıb ki, “Azərbaycan qonşu Ermənistan tərəfindən ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin beşdəbir hissəsinin işğal edilməsi ilə bağlı problemləri 20 ildən artıq müddətdə öz üzərində hiss edən bir ölkə kimi Afrika qitəsi ölkələrinin məruz qaldığı problemlərin bütün ağırlığını çox yaxşı başa düşür.”
Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycan hökuməti bu qitədəki humanitar problemlərə laqeyd qalmayaraq öz imkanları çərçivəsində həm beynəlxalq təşkilatların xətti ilə, həm də ikitərəfli əsasda humanitar fəaliyyətini genişləndirməkdə davam edir. Azərbaycan hökuməti tərəfindən Xarici İşlər Nazirliyi yanında yeni yaradılmış Beynəlxalq İnkişaf Agentliyi (AİDA) dünyanın müxtəlif hissələrində, o cümlədən Afrika ölkələrində çoxsaylı humanitar layihələr həyata keçirir. Bununla bərabər, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə beynəlxalq təşkilatlarla birlikdə Cənubi Sudanda humanitar xeyriyyə aksiyası həyata keçirilib: “Biz beynəlxalq birliyi ədalətli mövqe nümayiş etdirməyə, humanitar xarakterli fəaliyyətlə kifayətlənməməyə və problemin səbəblərinin aradan qaldırılması üçün zəruri siyasi addımlar atmağa çağırırıq. Azərbaycan uzun müddət daxili köçkünlərin problemlərindən əziyyət çəkən ölkələrdən biridir. Azərbaycanın Dağlıq Qarabağ regionuna bitişik rayonlar tamamilə dağıdılıb. ATƏT-in iki faktaraşdırıcı missiyasının işğal edilmiş ərazilərə səfəri və mövcud vəziyyəti qiymətləndirməsi zamanı bu təşkilat dağıntıların yüksək dərəcədə olmasını qeyd edib və Azərbaycanın işğal edilmiş ərazilərində başqa ölkələrdən olan etnik ermənilərin məskunlaşdırılmasını təsdiqləyib. İşğal edilmiş ərazilərin demoqrafik balansının pozulması və məcburi məskunlaşdırma prosesi bu günə qədər davam edir”.
Baş nazirin müavini Əli Həsənov bildirib ki, bu ilin iyulunda Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunda öz əcdadlarının məzarlarını ziyarət edərkən erməni tərəfi onları tutub: “Onlardan biri – məcburi köçkün Həsən Həsənov girov götürülərkən öldürülüb. Erməni tərəfi bu dinc vətəndaşları yalandan təxribat törətməkdə ittiham edir, hazırda onlar ermənilərin əlində girovdur və orada qeyri-insani rəftara məruz qalırlar. Bütün bunlar beynəlxalq hüququn, o cümlədən Dördüncü Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır. Biz həmvətənlərimizin dərhal qaytarılmasını, habelə Həsən Həsənovun meyitinin bizə verilməsini tələb edirik. Biz, həmçinin BMT-ni və onun müvafiq strukturlarını, habelə başqa beynəlxalq təşkilatları Ermənistana təsir göstərməyə və yuxarıda adları çəkilən vətəndaşların qaytarılmasına kömək etməyə çağırırıq. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində və BMT Baş Məclisinin qətnaməsində, habelə beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bir sıra sənədlərdə qeyd edildiyi kimi, azərbaycanlı qaçqınların və daxili köçkünlərin qaytarılmasına imkan yaradılması bu kateqoriyaya aid insanların hərtərəfli müdafiəsi üçün son dərəcə vacibdir”.
Dövlət Komitəsinin sədri daxili köçkünlərin hüquqları ilə bağlı problemlərin həlli və onların müdafiəsi hərtərəfli yanaşma, o cümlədən müvafiq beynəlxalq konvensiya layihəsinin hazırlanmasını tələb etdiyini vurğulayıb.
Xatırladaq ki, oktyabrın 3-dək davam edəcək sessiyada müzakirələr iki hissədə keçirilir. “Beynəlxalq əməkdaşlığın, həmrəyliyin, yerli imkanların və Afrikadakı qaçqınlar üçün humanitar fəaliyyətin genişləndirilməsi” məsələsi yüksək səviyyəli hissədə müzakirə olunur. Sessiya çərçivəsində ümumi debatda isə mövcud böhranlar və uzun müddətli qaçqın vəziyyətində yeniliklər, rekord həddə yeni yerdəyişmələrlə müqayisədə həll yollarının azlığı, artan ehtiyacları qarşılamaq üçün qlobal humanitar mənbələrin kifayət etməməsi, münaqişələrin və yerdəyişmələrin qarşısının alınmasında və həllində daha böyük siyasi iradəyə və beynəlxalq əməkdaşlğa ehtiyac və s. kimi mövzular ətrafında fikir mübadiləsi aparılacaq.