Dövlət Miqrasiya Xidməti miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün müsabiqə elan edib

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Yevlax, Lənkəran, Ağsu, Xaçmaz regional miqrasiya idarələrində və Yevlax şəhər qanunsuz miqrantların saxlanılması mərkəzində inspektor və inspektor-psixoloq vəzifələrinə işə qəbulla bağlı müsabiqə elan edib.  Müsabiqədə  hüquq, beynəlxalq hüquq, o cümlədən psixologiya, sosiologiya ixtisasları üzrə ali təhsilli, kompüterdən istifadə etməyi bacaran, ingilis və rus dillərini bilən Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

Miqrasiya orqanlarına qulluğa qəbul Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin və Azərbaycan  Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə  təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq aparılır.

Müsabiqədə iştirak etmək üçün vətəndaşlardan sənədlərini avqust ayının 01-dən oktyabrın  01-dək şənbə və bazar günləri istisna olmaqla saat 10:00-dan 17:00-dək Dövlət Miqrasiya Xidmətinin Aparatına (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202) təqdim etmələri xahiş olunur. Sənədlərin siyahısını Dövlət Miqrasiya Xidmətinin rəsmi internet saytından (www. migration.gov.az)  əldə etmək olar.

Müsabiqədə yalnız vakant vəzifələrin tələblərinə cavab verən Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilər.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur