newsPhoto

Mayın 15-də Dövlət Miqrasiya Xidmətində Tacikistan Respublikasının ölkəmizdəki səfiri ilə görüş olub

Görüşdə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev və Tacikistan Respublikasının ölkəmizdəki səfiri Zohir Saidov əvvəlcə Azərbaycanla Tacikistan arasında tarixi kökləri olan mövcud dostluq münasibətlərinə toxunub, Azərbaycan Respublikası ilə Tacikistan Respublikasının ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əlaqələrindən danışıblar.

F.Nəbiyev səfirə Ermənistan -  Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib, Azərbaycanın 20% ərazisini Ermənistan silahlı qüvvələrinin işğalı etdiyini, BMT TŞ-nin 4 qətnaməsinin bu günə qədər Ermənistan tərəfindən yerinə yetirilmədiyini qeyd edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə əldə olunmuş nailiyyətlərdən söhbət açan Xidmət rəisi, “Bakı 2015” birinci Avropa Oyunları kimi möhtəşəm bir tədbirə ev sahibliyi edən respublikamızın beynəlxalq birliyə verdiyi töhfələrə diqqət çəkib.

Sosial-iqtisadi tərəqqinin, sabitliyin, təhlükəsizliyin regionun lider dövləti kimi Azərbaycanı əcnəbilər üçün  daha da cəlbedici etdiyini bildirən DMX-nin rəisi Tacikistan Respublikası vətəndaşlarının da ölkəmizə çoxsaylı səfərlərini qeyd edib və bunu Azərbaycanın və Tacikistanın dövlət müstəqilliklərinin bərpasından sonra respublikalarımız arasında genişlənən əməkdaşlığın nümunəsi kimi qiymətləndirib.

F.Nəbiyev Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində öz əksini tapmış müvafiq prosedurların - əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatının, ölkə ərazisində yaşamalarının əsaslarının və müddətlərinin, iş icazələrinin verilməsinin, nəzərdə tutulmuş digər müvafiq normaların tətbiqinin sadələşdirilməsindən, eləcə də miqrantların hüquqlarının qorunmasının daim diqqətdə saxlanılmasından  söhbət açıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən  Tacikistan Respublikasının ölkəmizdəki səfiri Zohir Saidov görüşdə verilən məlumatlardan məmnunluğunu ifadə edib, Azərbaycanın miqrasiya qanunvericiliyinin mütərəqqiliyini xüsusi vurğulayıb. Diplomat son illər Azərbaycanda aparılan quruculuq işlərindən danışıb, təmsil etdiyi ölkənin vətəndaşlarının respublikamıza xüsusi maraq göstərdiyini deyib. Səfir mükəmməl qanunvericilik bazası əsasında müraciət edənlərə peşəkar xidmət göstərən mobil bir qurum kimi Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinin Azərbaycana səfər edən Tacikistan vətəndaşları tərəfindən də rəğbətlə qarşılandığını söyləyib.

Görüşdə respublikalar arasında miqrasiya sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur