Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 15-ci iclası keçirilmişdir

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 15-ci iclasında iştirak etmək məqsədilə iyunun 24-dən 28-dək Qazaxıstan Respublikasının Astana şəhərində rəsmi səfərdə olmuşdur.

Şuranın iclası çərçivəsində 13 məsələ ətrafında müzakirələr aparılmış və qərarlar qəbul edilmişdir.

Qeyd edək ki, Azərbaycan tərəfi  “MDB iştirakçı dövlətlərində əmək fəaliyyətinin həyata keçirilməsi üçün əməkçi miqrantların mütəşəkkil qaydada cəlb olunmasının ümumi prinsip və mexanizmlərinin realizasiyasına dair ikitərəfli sazişlərin hazırlanmasının gedişi haqqında” və “MDB iştirakçı dövlətlərinin ərazisinə daxil olan üçüncü ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin vahid uçot sisteminin yaradılması işinin gedişi haqqında” qərarlar istisna olmaqla, digər qərarlara qoşulmuşdur.

İclas çərçivəsində “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi”nin təqdimatı böyük maraqla qarşılanmışdır. Miqrasiya Məcəlləsinin MDB-də miqrasiya sahəsində ilk Məcəllə olduğunu bildirən iştirakçıların çoxsaylı sualları ətraflı cavablandırılmışdır.

Qırğız Respublikasının Əmək, miqrasiya və gənclər nazirinin müavini cənab B.D.Cumaquloviçin xahişi ilə keçirilmiş ikitərəfli görüş zamanı o, miqrasiya sahəsində Azərbaycan Dövlət Miqrasiya Xidmətinin iş fəaliyyətini yüksək qiymətləndirmiş və bu sahədə ölkəmizin təcrübəsini öyrənmək istədiklərini bildirmişdir.

Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri cənab K.O.Romodanovskiy ilə keçirilmiş ikitərəfli görüş zamanı 2013-cü ilin sonlarında onun “Rusiya Federasiyasının Federal Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında” Sazişlə bağlı ölkəmizə səfər etməsi barədə edilmiş dəvətin qüvvədə olduğu diqqətə çatdırılmışdır. Öz növbəsində cənab K.O.Romodanovskiy səfərin cari ilin sonunadək reallaşacağını bildirmişdir.

Xatırladaq ki, MDB iştirakçı dövlətlərinin Miqrasiya Orqanları Rəhbərləri Şurasının 17-ci iclasının 2015-ci ilin birinci yarısında Bakıda keçirilməsi nəzərdə tutulur.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur