Dövlət Miqrasiya Xidməti hədəf qruplarına yönəlmiş yeni layihələrə start vermişdir

Dövlət Miqrasiya Xidməti ölkəmizə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Miqrasiya Məcəlləsinin tələblərinə uyğun, olduğu yer üzrə qeydiyyatı ilə bağlı maarifləndirilməsi istiqamətində hədəf qruplarına yönəlmiş yeni layihələrə start vermişdir. Nəqliyyat Nazirliyinin nəqliyyatı intellektual idarəetmə mərkəzinin xətti ilə paytaxtın avtobus dayanacaqlarında Xidmətin müxtəlif dillərdə təqdim etdiyi videoçarxlar və slaydların nümayişi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.

Bundan əlavə miqrantların səfər marşrutları nəzərə alınaraq gözəlliyi və funksional keyfiyyətləri ilə seçilən Heydər Əliyev Beynəlxalq Aeroportunun yenicə istifadəyə verilmiş aerovağzal kompleksinin uçub gəlmə zalında məlumatlandırma xarakterli video materialların yayımı DMX tərəfindən ölkəmizə qədəm qoyan hər bir əcnəbiyə vəzifəsini xatırlatmaqla yanaşı sözün əsl mənasında həm də onların hüquqlarının müdafiəsikimi qiymətləndirilir. Qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikasında 3 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata düşmələrinin vacibliyinin diqqətə çatdırıldığı məlumatlandırma xarakterli materiallar Bakı dəmir yolu vağzalında quraşdırılmış xüsusi monitorda da gün boyu yayımlanır.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Bakıdan Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı dəniz limanlarınavə əks istiqamətə reyslər həyata keçirən   gəmilərində də DMX-nın təqdim etdiyi video çarx və slaydlar nümayiş olunur. Dövlət Miqrasiya Xidmətinin məqsədi qanunvericiliyin tələblərini, ölkədə leqal yaşamanın zəruriliyini, qanunsuz miqrasiyanın elə qanunsuz miqrantın özü üçün ciddi təhlükə olduğunu hədəf qruplarına çatdırmaqdır. Xidmətdən bildirilmişdir ki, bütün bunlardan əlavə maarifləndirmə xarakterli bukletlərin çapı və yayımı, o cümlədən müvəqqəti yaşama icazəsinin veriməsi qaydalarının əks olunduğu video materialların telekanallarda nümayişi həyata keçirilməkdədir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur