Dövlət Miqrasiya Xidmətində Beynəlxalq Qızıl Xaç Komitəsinin  nümayəndələri ilə görüş olmuşdur

Görüşdə Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə qonaqlara ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Xidmətin  fəaliyyətinin əsasında insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri dayanır. Miqrasiya Məcəlləsinin qəbulu,  ümumiyyətlə bu sahədə  qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülmüş işlər haqqında verilən informasiya qonaqlar tərəfindən maraqla qarşılanmışdır. Miqrasiya proseslərinin tənzimlənməsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xüsusən əməkçi miqrantların hüquqlarının qorunması ilə bağlı DMX-nın atdığı addımlara diqqət çəkilmişdir. Xidmətin qanunsuz miqrantların saxlanılması mərkəzlərində yaradılmış beynəlxalıq standartlara tam cavab verən şəraitdən bəhs olunmuş, həmçinin regional miqrasiya idarələrinin işini günün tələbləri səviyyəsində qurduğu qeyd edilmişdir. Xidmət rəisi Ermənistanın təcavüzü nəticəsində 20 faiz torpağı işğal olunmuş Azərbaycanın üzləşdiyi problemlərə toxunmuşdur.

 

Ətraflı məlumata görə minnətdarlığını bildirən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Deniz Duran fəaliyyəti sosial-humanitar xarakterli yardımları özündə əks etdirən təşkilatın 1992-ci ildən respublikamızda müharibədən zərər çəkən mülki əhaliyə, o cümlədən əsir və girovların qaytarılması işinə verdiyi töhfələri xatırlatmışdır. Hazırda təmsil etdiyi qurumun ölkəmizdə həyat keçirdiyi layihələr və gələcək planları barədə söhbət açmışdır.

 

Görüşdə BQXK-nin Azərbaycandakı nümayəndəliyi ilə Dövlət Miqrasiya Xidməti arasında əməkdaşlığın daha da genişləndiriləcəyinə dərin inam ifadə olunmuşdur.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur