Dövlət Miqrasiya Xidmətində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirilib

Mayın 6-da Dövlət Miqrasiya Xidmətində müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirilib.

Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin Ulu öndər Heydər Əliyevin şərəfli həyat yolundan, görkəmli dövlət xadimi kimi Vətən və xalq qarşısında tarixi xidmətlərindən bəhs edən məruzəsi maraqla dinlənilib. Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi illər tərəqqi, intibah, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi xarakterizə olunub. Bildirilib ki, azərbaycançılıq ideyasının, milli özünüdərkin, özünə qayıdış təfəkkürünün formalaşması istiqamətində Heydər Əliyevin xidmətləri misilsizdir. Iftixarla vurğulanıb ki, Ümummilli liderin başladığı dövlət quruculuğu prosesinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi nəticəsində Azərbaycan hazırda regionun lider ölkəsinə çevrilib.

Tədbirdə iştirak edən, YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı qeyd edib ki, Ulu öndər Heydər Əliyev müdrikliyi, dönməz əqidəsi və tarixi uzaqgörənliyi ilə müasir, müstəqil Azərbaycan dövlətinin dünya ölkələri ilə bir cərgədə dayanmasına, beynəlxalq məsələlərdə söz sahibinə çevirilməsinə nail olub. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində  Heydər Əliyev irsinin öyrənilməsinin xüsusi əhəmiyyətinə diqqət çəkilib.

Ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur