Dövlət Miqrasiya Xidməti tərəfindən 106 əcnəbi saxlanılmışdır
Son günlər Dövlət Miqrasiya Xidməti tərəfindən Respublikamızın şəhər və rayonlarında qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri nəticəsində 106 əcnəbi saxlanılmışdır. Onlardan 93-ü Türkiyə, 5-i Gürcüstan, 3-ü Türkmənistan, 2-i Özbəkistan, 1-i Çin, 1-i Nigeriya və 1-i Niderland Krallığı vətəndaşlarıdır. Araşdırma zamanı 1 Türkmənistan və 1 nəfər Nigeriya vətəndaşının Dövlət Miqrasiya Xidmətindən müvafiq icazələr aldıqları, lakin nəzərdə tutulan vəzifələrinə uyğun olmayan fəaliyyətlə məşğul olduqları müəyyən edilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq həmin əcnəbilərə məxsus icazə vəsiqələri ləğv edilərək müvafiq tədbirlər görülmüşdür.
Eyni zamanda 2010-cu ildən axtarışda olan və barəsində deportasiya qərarı qəbul edilmiş Çin Xalq Respublikasının 1 vətəndaşı isə Şəmkir rayonu ərazisində saxlanılmış və deportasiya edilmişdir.
Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri davam etdirilir.