Dövlət Miqrasiya Xidmətinin rəisi Niderland Krallığının İmmiqrasiya və Naturalizasiya Xidmətinin Baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Niderland Krallığının İmmiqrasiya və Naturalizasiya Xidmətinin Baş direktoru cənab Rob Van Lintin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında rəsmi səfərdədir.

Nümayəndə heyəti Fəxri Xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da əziz xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər Xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri qoyublar. Nümayəndə heyətinə Şəhidlər Xiyabanının yaranma tarixi barədə ətraflı məlumat verilib.

Oktyabrın 9-da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Niderland Krallığının İmmiqrasiya və  Naturalizasiya Xidmətinin Baş direktoru cənab Rob Van Lint və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Xidmət rəisi F.Nəbiyev son illərdə Azərbaycan Respublikasının əldə etdiyi iqtisadi nailiyyətlərə, siyasi sabitliyə və təhlükəsizliyə, tolerantlığa, ölkənin geosiyasi mövqeyinə görə əcnəbilər üçün cəlbedici olduğunu, bu səbəbdən də respublikamıza gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayında ildən-ilə artımın müşahidə edildiyini nəzərə çatdırıb. Həmçinin rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri, ölkə ərazisində mövcud miqrasiya prosesləri, həyata keçirilən tədbirlər barədə  məlumat verib. Eləcə də Tvinniq layihəsinin reallaşması nəticəsində müəyyən təcrübə mübadiləsinin əldə olunmasının əhəmiyyətini vurğulayıb.

Xidmət rəisinə səmimi qəbula, ətraflı məlumata görə dərin təşəkkürünü bildirən və görüşdən məmnunluğunu ifadə edən cənab Rob Van Lint Azərbaycan Respublikasına rəsmi səfərinin Avropa İttifaqı ilə birgə həyata keçirilən Tvinninq layihəsinin icrasına, qurumlararası ikitərəfli münasibərlərin inkişaf etdirilməsinə, miqrasiya proseslərinin tənzimlənməsi və vətəndaşlıq məsələlərinə dair fikir mübadiləsi aparmaq məqsədi daşıdığını qeyd edib.

Sonra qonaqlar Dövlət Miqrasiya Xidmətinin inzibati binasını gəzib, Xidmətin Heydər Əliyev Muzeyi ilə tanış olub, Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto şəkillərə baxıb və xatirə kitabına ürək sözlərini yazıb.

Həmçinin səfər zamanı qonaqlar Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı Bakı “ASAN xidmət” mərkəzində və DMX-nın Bakı şəhər qanunsuz miqrantların saxlanılması mərkəzində olublar.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur