Bu gün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində 31 mart azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirilmişdir
Mərasimdə əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Sonra Dövlət Miqrasiya Xidməti rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev azərbaycanlıların məruz qaldığı soyqırımı hadisəsi barədə məlumat vermişdir. Hələ XIX əsrdən ermənilər və himayədarları tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən terrorizm, separatçılıq aktları tarixi faktların dili ilə iştirakçıların diqqətinə çatdırılmışdır. Əsası Azərbaycanı ikiyə bölən Gülüstan, Türkmənçay kimi müqavilələrlə qoyulan, əzəli torpaqlarımızda planlı şəkildə məskunlaşdırılan ermənilərin törətdiyi vandalizmin dünya tarixində analoqunun olmadığı bildirilmişdi. Insanlıq əleyinə yönəlmiş bu cür vəhşiliklər müxtəlif vaxtlarda - 1905-1907-ci illərdə, 1918-ci ilin martında baş vermiş və 1948-1953-cü illərdə, o cümlədən 1988-ci ildə azərbaycanlıların tarixi ata-baba torpaqlarından köçürülməsi ilə, Azərbaycan ərazilərinin işğalı ilə davam etdirilmiş və nəhayət 1992-ci ildə törədilən əsrin faciəsi - Xocalı soyqırımı aktı təkcə bir millətə yox, bəşəriyyətə qarşı cinayətdir. Bildirilmişdir ki, 1918-ci ildə ermənilərin törətdiyi vəhşiliklər xalqımızın Ümummilli lideri Heydər Əliyevin imzaladığı 1998-ci il 26 mart tarixli fərmanı ilə öz siyasi qiymətini almış və o vaxtan başlayaraq 31 mart azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur. Bu bir tarixi həqiqətdir ki, bu fərman azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı barədə müasir və gələcək nəsillərdə möhkəm milli yaddaşın formalaşması, dünyada erməni terror və şovnizminə düzgün siyasi və hüquqi qiymət verilməsi, belə halların qarşısının alınması və bir daha təkrarlanmaması üçün proqram mahiyyətli sənəddir.
Mərasimdə xüsusi vurğulanmışdır ki, XXI əsrdə də öz mənfur niyyətlərindən əl çəkməyən, terroru dövlət siyasətinə çevirən Ermənistan gec-tez öz layiqli cavabını alacaq. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində torpaqlarımızın işğaldan azad ediləcəyinə, hər bir azərbaycanlının yurd-yuvasına qayıdacağına, nəinki Qarabağda, indiki Ermənistan adlanan tarixi torpaqlarımızda da Azərbaycan bayrağının dalğalanacağına inam ifadə olunmuşdur.
Tədbirin sonunda "Soyqırım" sənədli filmi nümayiş etdirilmişdi.