Dövlət Miqrasiya Xidməti ölkədə miqrasiya proseslərinin tənzimlənməsi və idarə olunmasında uğurlu nəticələrə imza atır

Martın 19-da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılmasından 7 il ötür. Bu münasibətlə bu gün səhər Xidmətin rəhbərliyi və miqrasiya orqanları əməkdaşları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsinə ehtiramlarını bildiriblər.

Görkəmli oftolmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub.

Sonra Şəhidlər Xiyabanında Azərbaycanın istiqlaliyyəti və ərazi bütövlüyü uğurunda canlarından keçmiş Vətən övladlarının unudulmaz xatirələri yad edilib. Onların məzarları üzərinə tər qərənfillər düzülüb. “Əbədi məşəl” kompleksinin önünə əklil qoyulub.

Daha sonra Dövlət Miqrasiya Xidmətində qurumun yaradılmasının ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib. Əvvəlcə Dövlət Himni səsləndirilib. Mərasimdə Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev qurumun yaranması, inkişafı və bu günü barədə geniş məruzə ilə çıxış edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  2010-cu il martın 17-də imzaladığı sərəncamla hər il martın 19-nun  miqrasiya orqanları işçilərinin peşə bayramı günü kimi qeyd edildiyini xatırladıb. Ötən illər ərzində Dövlət Miqrasiya Xidmətinin qarşısında qoyulmuş vəzifələrin öhdəsindən öz səlahiyyətləri çərçivəsində müvəffəqiyyətlə gəldiyinə, göstərilmiş etimadı doğrultmaq üçün ciddi səylə əməli fəaliyyət göstərdiyinə diqqət çəkib. Xidmətin ölkəmizin sabit sosial-iqtisadi, demoqrafik inkişafının təmin edilməsi, miqrantların intellektual və əmək potensialından istifadə edilməsi, tənzimlənməyən miqrasiya proseslərinin neqativ təsirinin aradan qaldırılması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması sahəsində gördüyü işlərdən danışılıb. Qeyd olunub ki, Azərbaycanın milli təhlükəsizliyinin strateji hədəflərindən biri kimi miqrasiya probleminin aktuallığına xüsusi diqqət yetirilib,  daxili əmək bazarının qorunması üçün əməli fəaliyyət göstərilib.

Qabaqcıl dünya təcrübəsinə əsaslanaraq, milli miqrasiya qanunvericiliyi təkmilləşdirilib, Miqrasiya Məcəlləsi qüvvəyə minib, Xidmətin fəaliyyətinin genişləndirilməsi sahəsində ciddi addımlar atılıb. Bildirilib ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma, yaşama, daimi yaşama, o cümlədən haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olma üçün iş icazələrinin verilməsi və müddətlərin uzadılması  sadələşdirilib. Bu gün istər əməkdaşların fəaliyyət göstərməsi, istərsə də əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə xidmət üçün yaradılmış şərait, qurulmuş infrastruktur da dövlətin bu sahəyə xüsusi diqqətinin daha bir nümunəsidir. Xidmətin 8 Regional Miqrasiya İdarəsinin hər biri üçün müsir standartlara cavab verən inzibati binalar tikilib, əksəriyyəti istifadəyə verilib, bəzilərinin isə inşası başa çatdırılmaqdadaır. Beynəlxalq standartlara tam cavab verən Bakı şəhəri və Yevlax rayon Qanunsuz Miqrantların Saxlanılması Mərkəzləri də günün tələblərinə uyğun şəkildə fəaliyyət göstərir. Xidmət rəisi vurğulayıb ki, miqrasiya orqanlarının hər bir əməkdaşı milli mənafelərimizin keşiyində ayıq-sayıq dayanır, ölkəyə təşrif buyuran hər bir əcnəbinin  müraciəti diqqətlə araşdırılır və qanunamüvafiq qərarlar qəbul olunur. Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının ərazisində olduğunu leqallaşdıran əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi təminatçısı, onların ümid yeridir. Iftixarla deyə bilərik ki, qurum ötən dövr ərzində qanunsuz miqrasiya ilə mübarizə sahəsində ciddi uğurlar əldə edib. Göstərilən xidmətlər dövlət başçısı tərəfindən hər zaman yüksək qiymətləndirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış DMX-nın 13 əməkdaşının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalları ilə təltif edilməsi və Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Fazil Ələkbərova III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilməsi haqqında sərəncamlar diqqətə çatdırılıb.

Daha sonra Xidmət rəisi tərəfindən 35 əməkdaşa vaxtından əvvəl, növbəti və növbədənkənar xüsusi rütbə, 33 əməkdaşa fəxri fərman verilib. 2 əməkdaşın qulluqda yüksəlişi barədə əmr oxunub və  39 nəfərə təşəkkür elan olunub. Qeyd olunub ki, ölkə rəhbərinin miqrasiya sahəsinə diqqət və qayğısı qurumun əməkdaşları tərəfindən həmişə dərin minnətdarlıq və ruh yüksəkliyi ilə qarşılanır. Dövlət Miqrasiya Xidmətinin yüksək peşəkarlığa, mənəvi, eləcə də fiziki hazırlığa malik kadr potensialının nümunəvi xidməti ilə qarşıya qoyulan məqsədlərə çatmağın bundan sonra da o qədər də çətin olmayacağına dərin inam ifadə edilib.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur