Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 7-ci ildönümü ərəfəsində miqrasiya sahəsini əhatə edən maarifləndirmə-məlumatlandırma tədbirləri uğurla davam etdirilir

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 7-ci ildönümü və miqrasiya işçilərinin peşə bayramı ərəfəsində Xidmətin rəisi tərəfindən təsdiq edilmiş təqvim planına əsasən Regional Miqrasiya İdarələrində və Respublikamızın ayrı-ayrı bölgələrində, ali məktəblərdə qurumun əməkdaşları ilə əcnəbilərin, tələbələrin, geniş ictimaiyyət nümayəndələrinin görüşləri təşkil olunub. Yevlax, Ağsu, Xaçmaz, Saatlı, Lənkəran rayonlarında Xidmətin Baş idarə və idarə rəislərinin, eləcə də Regional Miqrasiya İdarələri rəhbərlərinin ötən dövr ərzində miqrasiya sahəsindəki yeniliklərlə ictimaiyyətin maarifləndirilməsi və məlumatlandırılması məqsədilə keçirdikləri görüşlər maraqla qarşılanıb. Rayonların İcra Hakimiyyətləri, yerli özünüidarəetmə orqanları nümayəndələrinin, sahibkarların, işəgötürənlərin və əcnəbilərin iştirak etdikləri görüşlərdə miqrasiya qanunvericiliyi, miqrasiya prosesi iştirakçılarının hüquq və vəzfələri barədə ətraflı məlumat verilib. Miqrasiya Məcəlləsinin maddələrinin izahı, qanunvericiliyin  tələbləri, normativ-hüquqi aktlardakı dəyişikliklər şərh olunub. Görüşlərdə həmçinin dünyada gedən miqrasiya prosesinin, ölkəmizə əcnəbilərin göstərdiyi marağın səbəbləri ətrafında fikir mübadiləsi aparılıb. Ölkə ərazisində müvəqqəti olma, yaşama, daimi yaşama, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması üçün prosedurlar, qanunvericiliyin pozulmasına görə məsuliyyət diqqətə çatdırılıb. Azərbaycanın bölgələri ilə yanaşı o cümlədən təhsil ocaqlarında - Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbayacan Dövlət Tibb Universiteti, Bakı Slavyan Universiteti, Qafqaz Universiteti, Gəncə və Sumqayıt Dövlət Universitetlərində keçirilmiş seminar-məşğələlərdə əcnəbi tələbələrin hüquq və vəzifələrindən bəhs olunub. Ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alan əcnəbilərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşama icazəsi verilməsini təmin etmək üçün universitet və kolleclərin müvafiq struktur bölmələrinin həyata keçirdiyi sənədləşmə işləri ilə bağlı məsələlərə toxunulub. Çıxışlarda hər kəsin - istər əcnəbinin, istərsə də vətəndaşın Konstitusiya və qanunlarımıza, Azərbaycan xalqının adət və ənənələrinə hörmətlə yanaşmalarının vacibliyi ön plana çəkilib. İştirakçıları maraqlandıran, eləcə də izahına ehtiyac olan  suallar cavablandırılıb.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur