Dövlət Miqrasiya Xidmətinin rəisi Almaniyanın  ölkəmizdəki səfirini qəbul etmişdir

29 yanvar 2014-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Almaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Haydrun Tempeli və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

 

Qonaqları səmimi salamlayan Xidmət rəisi Azərbaycan və Almaniya arasında dostluq əlaqələrinin ildən-ilə möhkəmləndiyini diqqətə çatdırmış, iki dövlətin müvafiq qurumları arasında mövcud olan əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin perspektivlərindən danışmışdır.

 

F. Nəbiyev Dövlət Miqrasiya Xidmətinin fəaliyyətindən, Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsindən söz açaraq  Miqrasiya Məcəlləsinin qüvvəyə minməsi ilə bu sahədə tətbiq edilən yeniliklər barədə qonaqlara ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Məcəllənin qəbulu ilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində qanuni əsaslarla yaşamaları və əmək fəaliyyəti ilə məşğul olmaları üçün verilən müvafiq icazələr sadələşdirilmişdir. Xidmət rəisi həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi və readmissiya müqaviləsinin imzalanması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs etmişdir.

 

Səmimi qəbula görə təşəkkürünü bildirən xanım Haydrun Tempel görüşdən məmnunluğunu dilə gətirmiş, ölkələrimiz arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini önə çəkmişdir.

 

Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunmuş, hər iki ölkə arasında miqrasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılmasının zəruriliyi vurğulanmışdır. Həmçinin miqrasiya sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur