Dövlət Miqrasiya Xidmətinin rəisi Azərbaycan Respublikasının vətəndaşlığına yeni qəbul olunmuş şəxslərlə görüşmüşdür

10 yanvar 2014-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin inzibati binasında Xidmət rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Azərbaycan Respublikasının vətəndaşlığına yeni qəbul olunmuş şəxslərlə görüşmüşdür.

 

Tədbir iştirakçılarını salamlayan Xidmət rəisi ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmuş şəxsləri təbrik etmiş və onlara dövlətimizə layiqli vətəndaş olmalarını arzulamışdır. 

 

F.Nəbiyev bildirmişdir ki, əsası Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son illər ölkə iqtisadiyyatı sürətlə inkişaf etmiş və hər bir vətəndaşın həyatında nəzərəçarpacaq irəliləyişlərə nail olunmuşdur. Qeyd etmişdir ki, Azərbaycanda müşahidə olunan iqtisadi, mədəni, sosial inkişaf respublikamızı əcnəbilər üçün cəlbedici ölkəyə çevirmişdir. Fərəhli haldır ki, bu gün Azərbaycana səyahət edən, respublikada təhsil alan və çalışan  əcnəbilər arasında, həm də bu ölkənin vətəndaşı olmaq arzusu ilə yaşayanlar da var. Bu baxımdan Dövlət Miqrasiya Xidmətinə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək ilə bağlı müraciətlərin sayı da gündən-günə artır.

 

Xidmət rəisi Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamları ilə 2013-cü il ərzində 231 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildiyini, 10 nəfərin isə Azərbaycan Respublikasının vətəndaşlığına bərpa olunduğunu qeyd etmişdir.

 

Daha sonra Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş şəxslərin siyahısı oxunmuşdur.

 

Azərbaycan Respublikasının vətəndaşlığına yeni qəbul və bərpa edilənlər möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz dərin təşəkkürlərini bildirmiş, Azərbaycan Respublikasının vətəndaşı adını şərəflə daşıyacaqlarını ifadə etmişlər.

 

Tədbirin sonunda Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur