Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində 2013-cü ilin yekunlarına həsr olunmuş xidməti müşavirə keçirilmişdir

27 dekabr 2013-cü il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində 2013-cü ilin yekunlarına həsr olunmuş xidməti müşavirə keçirilmişdir.

 

Müşavirəni giriş sözü ilə açan Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev hesabat məruzəsi ilə çıxış etmişdir. Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasına əsaslanan, düşünülmüş və uzaqgörən siyasətin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən Xidmət rəisi son illər respublikanın bütün sahələrində yüksək nailiyyətlərin əldə olunduğunu, bunun nəticəsində ölkəmizin xarici investorlar və əcnəbilər üçün cəlbedici ölkəyə çevrildiyini vurğulamışdır.

 

Bildirmişdir ki, hesabat dövrü ərzində  399.927 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduqları yer üzrə qeydiyyata alınmış, 40.800 şəxsə və onunla birlikdə immiqrasiya edən 18 yaşına çatmamış övladlarına Azərbaycan Respublikasında müvəqqəti və 2.338 şəxsə daimi yaşama icazələri verilmiş, 729 şəxsin ölkə ərazisində müvəqqəti olma müddəti uzadılmışdır. Eləcə də 9.021 nəfərə iş icazəsi verilmiş, 3.647şəxsin iş icazəsi uzadılmışdır.

 

Hesabat dövründə sahibkarlıq subyektlərində 564 yoxlama həyata keçirilmiş və 256 halda inzibati pozuntu aşkar edilmişdir. Bununla yanaşı, 30.867 əcnəbi tərəfindən Azərbaycan Respublikasında olma, müvəqqəti və daimi yaşama qaydalarına əməl edilməməsi, habelə etibarsız sənədlərlə yaşama hallarına görə inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmişdir. Onlardan əsas olduğu üçün 3007 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılmış, 25.796 nəfərin ölkə ərazisini tərk etməklə bağlı qərar verilmiş, 40 ölkədən olan 1.746 nəfər isə inzibati qaydada ölkə ərazisindən çıxarılmışdır. Hesabat dövründə 5838 nəfər cərimələrdən azad edilmiş, 202 əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkə ərazisinə girişinə qoyulmuş məhdidiyyəti ləğv edilmişdir.

 

Sonra regional miqrasiya idarələrinin nümayəndələrinin məruzələri dinlənilmişdir. 

 

Müşavirənin sonunda Xidmət rəisi F.Nəbiyev Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin 2014-cü ildə də qarşısında  qoyulmuş vəzifə və tapşırıqları yüksək peşəkarlıqla icra etməklə dövlətimizin təhlükəsizliyinə, daxili əmək bazarının qorunmasına və iqtisadiyyatının inkişafına töhfə vermək əzmində olduğunu bildirmişdir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur