Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində andiçmə mərasimi keçirilmişdir
7 avqust 2013-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Heydər Əliyev Muzeyində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının test imtahanından müvəffəqiyyətlə keçərək, Xidmətin təlim kuslarını uğurla başa vurmuş dinləyicilərin Azərbaycan Respublikasının 4 dekabr 2009-cu il tarixli 930-IIIQ saylı Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluqkeçmə haqqında Əsasnamə"yə uyğun olaraq, andiçmə mərasimi keçirilmişdir.
Mərasim Azərbaycan Respublikasının Dövlət himninin ifası ilə başlamışdır.
Dinləyicilər dövlət bayrağı önündə Azərbaycan Respublikasına sadiq olacaqlarına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi əməl edəcəklərinə, insan hüquq və azadlıqlarına hörmətlə yanaşacaqlarına, qarşıya qoyulan vəzifələri vicdanla, qərəzsiz yerinə yetirəcəklərinə, intizamlı olacaqlarına, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına sədaqət andı içmişlər. Mərasimin sonunda dinləyicilərə təlim kursunu müvəffəqiyyətlə bitirmələri barədə müvafiq vəsiqələr, həmçinin miqrasiya orqanları əməkdaşlarının xidməti vəsiqələri təqdim olunmuşdur.
Mərasimdə Xidmət rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev miqrasiya orqanlarına qulluğa qəbul olunmuş əməkdaşları təbrik etmiş, onlara tövsiyələr vermiş və gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.