Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstarı qəbul etmişdir
5 avqust 2013-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarı və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Qonaqları səmimi salamlayan F. Nəbiyev Dövlət Miqrasiya Xidmətinin yaranma tarixi, strukturu, fəaliyyət istiqamətləri barədə məlumat vermiş, miqrasiya sahəsində qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsindən, ölkə ərazisində qanunsuz miqrasiyaya qarşı aparılan mübarizə tədbirlərindən danışmışdır. Həmçinin Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin qəbulu və miqrasiya sahəsində tətbiq edilən yeniliklər barədə qonaqlara ətraflı məlumat vermişdir.
Xidmət rəisi Dövlət Miqrasiya Xidmətinin Birləşmiş Millətlər Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, Avropa İttifaqı kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq etdiyini bildirmişdir.
Səmimi qəbula görə Xidmət rəisinə öz minnətdarlığını bildirən səfir R. Morninqstar Azərbaycan iqtisadiyyatının inkişafından bəhs etmiş, həmçinin Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Bakı Regional Miqrasiya İdarəsinin Miqrasiya şöbəsinin yenidən fəaliyyətə başlamasını və ölkəmizdə insan alverinə qarşı aparılan mübarizə tədbirləri nəticəsində ABŞ-ın insan alverinə dair hesabatında Azərbaycanın bir pillə irəliləməsini müsbət hal kimi dəyərləndirmişdir.
Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli əlaqələrin inkişafından danışan səfir bu əməkdaşlığın gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə etmişdir. R. Morninqstar güclü və inkişaf edən Azərbaycanın həmişə ABŞ-ın dostu və tərəfdaşı olacağını söyləmiş, ölkəmizdəki diplomatik fəaliyyəti dövründə əlaqələrimizin daha da genişləndirilməsi istiqamətində əlindən gələni əsirgəməyəcəyini qeyd etmişdir.
Görüşdə miqrasiya sahəsinə dair fikir mübadiləsi aparılmış, gələcəkdə qanunsuz miqrasiyaya qarşı mübarizə istiqamətində birgə əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.
Sonda qonaq Xidmətin Heydər Əliyev Muzeyi ilə tanış olmuş, Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərə baxmış və xatirə kitabına ürək sözlərini yazmışdır.