Ali təhsil ocaqlarında və regionlarda miqrasiya sahəsini əhatə edən maarifləndirmə-məlumatlandırılma tədbirləri yekunlaşmışdır
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 6-cı ildönümü, 19 mart - miqrasiya orqanları işçilərinin peşə bayramı günü ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev tərəfindən təsdiq olunmuş plana əsasən ali təhsil ocaqlarında və regionlarda miqrasiya sahəsi üzrə maarifləndirmə - məlumatlandırma tərdbirləri keçirilmişdir. Fevral ayının 20-dən 27-nə kimi nəzərdə tutulan maarifləndirici, məlumatlandırıcı tədbirlər Gəncə Dövlət Universitetində başlamış, Sumqayıt Dövlət Universitetində yekunlaşmış, fevral ayının 21-dən martın 4-nə kimi isə regionlarda tədbirlər urğurla keçirlərək yekunlaşmışdır.
Bu tədbirlərin ali təhsil ocaqlarında keçirilməsində əsas məqsəd əcnəbi tələbələri miqrasiya sahəsi üzrə məlumatlandırmaq olmuşdur.
İlk tədbir 20 Fevral 2013-cü il tarixdə Gəncə Dövlət Universitetində baş tutmuşdur. Dövlət Miqrasiya Xidmətinin vəzifəli şəxslərinin rəhbərliyi ilə Bakı Dövlət Universiteti, Xarici Dillər, Dövlət Pedaqoji Universiteti, Dövlət Neft Akademiyası, Tibb Universiteti, Qafqaz, Bakı Slavyan, Sumqayıt Dövlət Universitetində gerçəkləşmiş seminar-mühazirələrdə əcnəbi tələbələrə onların vəzifə və hüquqlarından danışılmışdır.
Dövlət Miqrasiya Xidmətinin rayon və şəhər icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Lənkəran, Yevlax, Şirvan, Ağsu, Xaçmaz və Şəki şəhərlərində keçirilən maarifləndirmə tədbirlərində də Xidmətin vəzifəli şəxsləri, ətraf şəhər və rayonların icra hakimiyyətlərinin və yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələri, həmçinin bir sıra müəssisə və təşkilat rəhbərləri, əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri işə qəbul edən sahibkarlar iştirak etmişlər.
Tədbirdə ictimaiyyətə miqrasiya sahəsində həyata keçirilən kompleks tədbirlər barədə geniş məlumat verilmişdir. Həmçinin Azərbaycan Respublikasında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti, həmin şəxslərin ölkə ərazisində müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazələrin alınması və müddətlərinin uzadılması, onların yaşayış yerləri üzrə qeydiyyata alınması prosedurları, miqrasiya sahəsində mövcud qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət, həmçinin miqrasiya ilə bağlı digər məsələləri tənzimləyən qanunvericilik aktları barədə də məlumatlar tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır.
Bildirilmişdir ki, Azərbaycan Respublikasında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qanuna əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasına müvəqqəti və ya daimi yaşamaq üçün gələ bilər və ya onun ərazisində müvəqqəti ola bilərlər. Azərbaycan Respublikası ərazisində müvəqqəti olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada yaşayış və ya olduğu yer üzrə qeydiyyata alınmalı və onlar üçün müəyyən edilmiş müddətlər qurtardıqdan sonra Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Xidmətin vəzifəli şəxsləri tərəfindən cavablandırılmışdır.