Dövlət Miqrasiya Xidmətinin rəisi İraq Respublikasının ölkəmizdəki Səfirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir

1 Fevral 2013-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev İraq Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Heydər Şiyə Gubeyşi Əlbarrakı və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Qonağı səmimi salamlayan Xidmət rəisi iki ölkə arasında mövcud olan əlaqələrdən danışmış, rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə qonaqlara məlumat vermiş, son illərdə Azərbaycan Respublikasının əldə etdiyi iqtisadi nailiyyətlərə, siyasi sabitliyə və ölkənin geosiyasi mövqeyinə görə əcnəbilər üçün cəlbedici olduğunu, bu səbəbdən də respublikamıza gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayında ildən-ilə artımın müşahidə edildiyini nəzərə çatdırmışdır.

İraq Respublikasının ölkəmizdəki səfiri Heydər Şiyə Gubeyşi Əlbarrak səmimi qəbula görə Xidmət rəisinə öz minnətdarlığını bildirmiş, iki ölkə arasında əlaqələrin  mövcud vəziyyətindən söhbət açmışdır. Cənab səfir ölkəmizdən İraq Respublikasına səyahət edən və İraq iqtisadiyyatına investisiya qoymaq istəyən şəxslərin sayının ilbəil artdığını nəzərə çatdırmışdır. O, hələ sovet vaxtlarından İraq tələbələrinin Azərbaycanda təhsil aldığını qeyd etmişdir.

Xidmət rəisi isə son dövrlər Azərbaycanda tibb sahəsində təhsil alan iraqlı tələbələrin sayının artmasını qonaqların diqqətinə çatdırmış və bunun İraq Respublikasında həmin sahədə kadrlara ehtiyacın olması ilə əlaqələndirmişdir.

Görüşdə həmçinin, Dövlət Miqrasiya Xidməti ilə İraq Respublikasının müvafiq qurumları arasında əməkdaşlığın prespektivləri barədə söhbət aparılmışdır.

Sonda qonaqlar qəbula görə bir daha Xidmət rəisinə təşəkkür etmişlər.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur