Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Gürcüstan azərbaycanlılarının nümayəndələrini qəbul etmişdir
5 dekabr 2012-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Gürcüstan Parlamentinin deputatı Mahir Dərziyev, Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev və “Qafqaz” Araşdırmalar Mərkəzinin rəhbəri Kamran Ramazanlını qəbul etmişdir.
Görüş zamanı nümayəndələr Gürcüstan vətəndaşlarının Azərbaycan Respublikası qanunlarını bilməmələri səbəbindən ölkə ərazisində qarşılaşdıqları problemlər barədə ətraflı məlumat vermiş və onlara bu istiqamətdə köməkliyin göstərilməsini xahiş etmişlər.
Xidmət rəisi Gürcüstan əsilli azərbaycanlılarla bağlı yaranmış vəziyyətin kökündə həmin şəxslər tərəfindən ölkə ərazisində olma və yaşama qaydalarının pozulmasının durduğunu bildirmişdir. Xidmət rəisi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ölkədə olma və yaşama qaydalarının tələblərini nümayəndələrin nəzərinə çatdıraraq qeyd etmişdir ki, Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər yaşayış yeri üzrə qeydiyyata alınması üçün yaşayış yerinə gəldiyi vaxtdan 3 iş günü ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yerli qurumlarına müraciət edərək öz pasportunu, giriş icazəsini, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi və ya yaşayış sahəsi verən vətəndaşın ərizəsini təqdim etməlidirlər. Yaşayış yeri üzrə qeydiyyata alınan əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə qeydiyyata alınma haqqında vəsiqə verilir. Müvafiq vəsiqə ilə əcnəbilər ölkə ərazisində 90 gün müddətində yaşaya bilərlər.
Həmçinin Xidmət rəisi nümayəndələrin diqqətinə çatdırmışdır ki, ölkə ərazisində uzun illər şəxsiyyətlərini təsdiq edən heç bir sənəd olmadan yaşayan, eyni zamanda Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ölkədə olma və yaşama qaydalarının tələblərini pozan şəxslər ilk növbədə öz fundamental hüquq və azadlıqlarından istifadə etmək hüququndan həm özlərini, həm də öz ailə üzvlərini məhrum edirlər.
Xidmət rəisi əcnəbilərin məlumatlandırılması ilə bağlı artıq kütləvi informasiya vasitələrində geniş miqyaslı təbliğat işlərinin aparıldığını, sərhəd-keçid məntəqələrində “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının 1996-cı il 4 aprel tarixli 55-IQ nömrəli Qanununun müddəaları, eyni zamanda Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ölkədə olma və yaşama qaydalarının tələbləri barədə informasiya lövhələrinin yerləşdirildiyini bildirmiş, bu məsələdə yerli icma rəhbərlərinin də maarifləndirmə işlərinin aparılmasında iştirak etmələrinin vacibliyini qeyd etmişdir.
Gürcüstanın yeni parlamentində təmsil olunan millət vəkili Mahir Dərziyev Gürcüstanda yaşayan həmvətənlərimizin həqiqətən də qanunvericiliyin tələbləri ilə bağlı kifayət qədər məlumatlı olmadıqlarını bildirmiş, yaxın günlərdə Gürcüstanın həm azərbaycanlılar yaşayan məntəqələrində, həm də paytaxt Tbilisidə icma nümayəndələrini dəyirmi masa ətrafında toplayacaqlarını və əhalini bu istiqamətdə məlumatlandıracaqlarını qeyd etmiş, həmçinin Gürcüstan azərbaycanlıları ilə bağlı yaranmış vəziyyətə diqqət göstərdiyinə görə Xidmət rəhbərliyinə öz təşəkkürlərini ifadə etmişdir.