Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 2012-ci ilin noyabr ayına olan rəsmi statistik məlumatı
Miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması ilə bağlı tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi istiqamətində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən 2012-ci ilin noyabr ayında da müvafiq tədbirlər davam etdirilmişdir.
Noyabr ayı ərzində 1.931 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmişdir. Qanunvericiliyə uyğun olaraq olma və yaşama əsasları olduğuna görə saxlanılan əcnəbilərdən 292 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılmışdır. Qalan 1.520 əcnəbi barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 119 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilmişdir. İnzibati qaydada ölkədən çıxarılmış və ölkə ərazisinə daxil olmalarına məhdudiyyət qoyulmuş əcnəbilərdən Rusiya Federasiyası (28 nəfər) və Türkiyə Respublikası (27 nəfər) vətəndaşları üstünlük təşkil etmişdir.
Ümumiyyətlə, ay ərzində inzibati xəta törətmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərdən 1488 nəfəri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1.1 (Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, habelə qeydiyyatsız yaşama), 176 nəfəri 339.1.2 (etibarsız sənədlərlə Azərbaycan Respublikasının ərazisində olma və ya yaşama), 27 əcnəbi 339.1.4 (işə düzələrkən qanunvericilikdə müəyyən edilmiş qaydaları pozma), 5 əcnəbi 339.1.6 (qanunvericilikdə müəyyən edilmiş qalma müddəti qurtardıqdan sonra getməkdən boyun qaçırma) maddələri ilə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilmişlər. 116 əcnəbinin 16 yaşı tamam olmadığından həmin şəxslər inzibati məsuliyyətə cəlb olunmamışdır.
Həmçinin işəgötürənin ölkə qanunvericiliyinin tələbləri pozulmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən bir sıra sahibkarlıq subyektlərində yoxlamalar aparılmışdır. Keçirilmiş tədbirlər nəticəsində 13 sahibkarlıq subyektində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması halları aşkar olunmuşdur. Fərdi icazə alınmadan qanunsuz əmək fəaliyyətinə cəlb edilmiş əcnəbilər əsasən Türkiyə, Çin və Gürcüstan vətəndaşlarıdır.
Cari ilin noyabr ayı ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 6.276 müraciət daxil olmuşdur. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmış və müvafiq qərarlar qəbul edilmişdir.
Miqrasiya sahəsinə dövlət nəzarətinin gücləndirilməsi istiqamətində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən müvafiq tədbirlər davam etdirilir.