Dövlət Miqrasiya Xidmətində Tvinninq layihəsinin təqdimatına həsr olunmuş tədbir keçirilmişdir
21 noyabr 2012-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində Avropa İttifaqının Qonşuluq Siyasətinin Azərbaycan Respublikası üçün Fəaliyyət Proqramı çərçivəsində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin benefisiarı olduğu “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və ona tabe idarələrin kollektivinin professional inkişafı və bacarıqlarının artırılmasına və miqrasiya haqqında cari qanunvericiliyin Aİ standartlarına uyğunlaşdırılmasına dəstək” adlı Tvinninq layihəsinin təqdimatına həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev qonaqları salamlayaraq bildirmişdir ki, Dövlət Miqrasiya Xidməti miqrantların hüquqlarının qorunmasına həmişə önəm verir və bu məqsədlə xarici dövlətlərlə iki və çoxtərəfli əsaslarla əməkdaşlığın həyata keçirilməsi işinə ayrıca diqqət ayırır. F.Nəbiyev belə qarşılıqlı görüşlərin keçirilməsini, birgə fikir mübadiləsinin aparılmasını həm miqrasiya sahəsində müsbət nəticələrin əldə olunmasına səbəb olacağını, həm də əlaqələrin daha da dərinləşməsinə zəmin yaradacağını bildirmişdir. Xidmət rəisi vurğulamışdır ki, Tvinninq proqramı qarşılıqlı əməkdaşlığa söykənən layihədir və bu layihənin həyata keçirilməsində əsas hədəf əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının təmin olunmasını, Azərbaycan Respublikasının miqrasiya sahəsindəki qanunvericiliyinin Avropa İttifaqının müvafiq qanunvericiliyinə uyğunlaşdırılmasını daha effektiv həyata keçirmək üçün inkişaf edən Avropa İttifaqı təcrübəsinin ölkəmizdə tətbiq edilməsi, sistematik təhlil yolu ilə qeyri-qanuni miqrasiyanın qarşısının alınması, maarifləndirmə və məlumatlandırma kampaniyalarının, həmçinin Xidmət əməkdaşlarının peşəkar bacarıqlarının artırılmasıdır.
F.Nəbiyev həmçinin bildirmişdir ki, qurumun hazırkı kadr tərkibi müxtəlif sahələr üzrə təhsil almış və miqrasiya məsələlərinin xüsusi aspektləri üzrə təlimə ehtiyacı olan gənc ixtisaslaşmış şəxslərdən ibarətdir.
Niderland Krallığının Daxili İşlər və Krallıq Əlaqələri Nazirliyinin Repatriasiya və Geriqaytarma Xidmətinin rəisi xanım Rodia Maas da təqdimat mərasimində qarşılıqlı görüşdən məmnunluğunu dilə gətirmiş və qarşılıqlı əməkdaşlığın verəcəyi müsbət töfhələri qeyd etmişdir.
Daha sonra Xidmətin əməkdaşı Araz Əsgərli layihə ilə bağlı təqdimat keçirmişdir. Təqdimatda Avropaya inteqrasiya istiqamətində səylərin daha da fəallaşdırılması məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 2009-cu ildə Avropa İttifaqının (Aİ) institusional quruculuq aləti olan Tvinninq layihəsində iştirak etmək üçün Avropa Komissiyasına layihə təqdim etməsi və bu layihənin Komissiya tərəfindən bəyənildikdən sonra həyata keçirilməsinin məqsədəuyğun hesab edilməsi, eyni zamanda layihə çərçivəsində nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verilmişdir.