Dövlət Miqrasiya Xidməti maarifləndirmə məqsədilə ali məktəblərin əcnəbi və vətəndaşlığı olmayan tələbələri ilə görüşlər təşkil edib

Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 8-ci ildönümü ərəfəsində respublikamızda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin maarifləndirilməsi ilə bağlı  yeni layihələrə start verilib. 

Bakı Slavyan Universitetində Xidmətin səlahiyyətli əməkdaşlarının iştirakı ilə əcnəbi tələbələrlə təşkil olunmuş görüşdə Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi ilə bağlı yeniliklərdən bəhs edilib. Dünyanın müxtəlif dövlətlərindən olan əcnəbi tələbələrə müvafiq hüquqi sənədlərin tənzimlədiyi sahə üzrə sadələşdirilmiş prosedurlar izah olunub. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə miqrasiya qanunvericiliyinə son dəyişkliklər barədə məlumat verilib. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyat müddətinin 10 günədək artırılmasının Azərbaycan dövlətinin humanist mahiyyətindən irəli gəldiyi vurğulanıb.

Memarlıq və İnşaat Universitetində 200-dən çox əcnəbi tələbənin iştirakı ilə keçirilmiş maarifləndirmə tədbirində də Azərbaycanda miqrasiya sahəsində dövlət siyasəti, miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində görülən işlərə diqqət çəkilib. Ölkədə müvəqəti olma, müvəqqəti və daimi yaşama icazələrinin, o cümlədən haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi qaydaları barədə ətraflı məlumat verilib.

Bildirilib ki, son illər Azərbaycana miqrasiya edənlərin palitrası kifayət qədər zəngindir. Onlar respublikamıza müxtəlif məqsədlərlə, məsələn turist kimi, təhsil almaq məqsədilə, işləmək üçün, müvəqqəti və yaxud daimi yaşamağa görə və s. üz tuturlar. Gəldiyi ölkənin miqrasiya qanunlarını öyrənmək və əməl etmək, milli adət-ənənlərə hörmət etmək isə hər kəsin borcudur.  

Ölkəmizdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin  hüquq və vəzifələri ilə bağlı izahedici söhbətlər, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, ölkə ərazisində yaşamalarının əsasları və müddətləri, eləcə də nəzərdə tutulmuş digər müvafiq normaların tətbiqi sahəsindəki yeniliklər görüş iştirakçıları tərəfindən maraqla qarşılanıb. Görüşdə onların sualları cavablandırılıb.

Maarifləndirmə tədbirləri respublikanın müxtəlif ali təhsil ocaqlarında, regional miqrasiya idarələrinin əhatə etdiyi rayonlar üzrə ayrı-ayrı yaşayış məntəqələrində davam etdirilir. Xatırladaq ki, ümumtəhsil məktəblərində təhsil alan əcnəbi şagirdlərin ölkədə qanuni əsaslarla yaşamalarının təmin edilməsi üçün izahat işləri aparılması məqsədilə Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə görüşün təşkili də planlaşdırılır.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur