Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi İtaliya Respublikası Daxili İşlər Nazirliyinin nümayəndə heyətini qəbul etmişdir

10 oktyabr 2012-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti  müşaviri Firudin Nəbiyev ölkəmizdə səfərdə olan İtaliya Respublikası Daxili İşlər Nazirliyinin Miqrasiya və Sərhəd Mühafizə İdarəsinin nümayəndə heyətini qəbul etmişdir.

Görüş zamanı Xidmət rəisi Firudin Nəbiyev Dövlət Miqrasiya Xidmətinin yaranma tarixi, strukturu, fəaliyyət istiqamətləri barədə məlumat vermişdir. Azərbaycanda sürətli iqtisadi inkişaf nəticəsində ölkəyə əcnəbi axınının günü-gündən artmasının müşahidə olunmasını vurğulayan Firudin Nəbiyev həmçinin miqrasiya sahəsində qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsindən, ölkə ərazisində qanunsuz miqrasiyaya qarşı aparılan mübarizə tədbirlərindən danışmışdır.

Nümayəndə heyətinin rəhbəri, İtaliya Respublikası Daxili İşlər Nazirliyinin Miqrasiya və Sərhəd Mühafizə İdarəsinin rəisi Rodolfo Rankoni səmimi qəbula görə öz təşəkkürünü bildirmişdir. Qonaq İtaliya Respublikası Daxili İşlər Nazirliyinin Miqrasiya və Sərhəd Mühafizə İdarəsi barədə məlumat verərək bildirmişdir ki, idarənin əsas vəzifəsi qeyri-qanuni miqrasiya ilə mübarizə aparmaq, əcnəbilərin ölkə ərazisində olma və yaşama qaydalarına riayət etməsinə nəzarət etməkdir. İtaliya Respublikası ərazisində 34 buraxılış məntəqəsində 104 regional mərkəzlə fəaliyyət göstərən idarə əsasən miqrasiyaya nəzarət, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, qanunsuz miqrasiyaya şərait yaradan cinayətkar qrupların aşkara çıxarılması və digər məsələlərlə məşğuldur.

Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunmuş, qurumlararası təcrübə mübadiləsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Görüşdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-mayor Fərhad Tağızadə də iştirak etmişdir.


© 2024 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti
İstifadəçi qaydaları | Məxfilik siyasəti | Bütün hüquqlar qorunur